BaşlıcaSiyasət

The Indian Express: “Ermənistan və Hindistan birgə hərbi texnikanın işlənilməsini və müdafiə əlaqələrinin dərinləşdirilməsini müzakirə edirlər”

Bu həftə Hindistan və Ermənistan öz müdafiə münasibətlərinin genişləndirilməsi istiqamətində daha bir mühüm addım atıblar.

Ermənistanın Müdafiə nazirinin birinci müavini və Silahlı Qüvvələrin Baş Qərargahının rəisi, general-leytenant Edvard Asryan Hindistanın Müdafiə Qərargah Rəisləri Komitəsinin sədri, general Anil Çauhan, Hava Qüvvələrinin Baş marşalı A.P. Sinqh və Müdafiə naziri Radeş Kumar Sinqh ilə yüksək səviyyəli danışıqlar aparıb.Bu haqda The Indian Express  yazır.

Müzakirələrin mərkəzində hərbi texnikanın birgə işlənilməsi, silahlı qüvvələrin modernləşdirilməsi və strateji əməkdaşlığın dərinləşdirilməsi olub.

Hindistanın Birgə Müdafiə Qərargahı (IDS) tərəfindən verilən bəyanatda qeyd olunur ki, tərəflər “hərbi texnikanın işlənilməsi sahəsində birgə müəssisələrin yaradılması imkanlarını araşdırıblar”.

Bu, ənənəvi alıcı-satıcı münasibətlərindən birgə işlənilmə və yerli istehsal sahəsində tərəfdaşlığa keçidi göstərir.

Ehtimal edilir ki, Ermənistan öz hərbi-sənaye kompleksinin modernləşdirilməsi çərçivəsində Hindistan istehsalı olan bəzi müdafiə sistemlərinin daxili istehsalı və ya inteqrasiyası variantlarını araşdırır.

“Eyni zamanda, etibarlı mənbələrdən məlumdur ki, “yer-yer” sinfinə aid Hindistan istehsalı ‘”Pralay” taktiki kvaziballistik raket sistemlərinin alınması dəyəri ətrafında danışıqlar aparılır, çünki Yerevan Azərbaycanın uzaqmənzilli dəqiq zərbə vasitələrini, o cümlədən İsrail istehsalı LORA raketlərini cilovlamağı gücləndirməyə çalışır” –  deyə hindistanlı KİV  yazır.

.

Mənbələr bildiriblər ki, istənilən sövdələşmə Hindistanın ixrac nəzarəti sistemi (SCOMET) və Raket Texnologiyalarına Nəzarət Rejiminə (MTCR) uyğun olmalıdır. Bunlara əsasən, ixrac variantları beynəlxalq öhdəliklərə uyğunlaşdırılır.

Saziş yekun olaraq imzalandıqdan sonra bu, artilleriya, HHM və strateji zərbələr sahəsində mövcud əməkdaşlığa əlavə olaraq ikitərəfli müdafiə əlaqələrinin əhəmiyyətli dərəcədə genişlənməsi mənasını verəcək və Hindistanın yüksək dərəcəli raketlərin ixracı sahəsində ən əhəmiyyətli nailiyyətlərindən birinə çevriləcək.

Mənbələr həmçinin general-leytenant Asryanın Hava Qüvvələrinin baş marşalı A.P. Sinqh ilə ayrıca danışıqlarının çoxsəviyyəli hava hücumundan müdafiə memarlığına, qırıcıların döyüş qabiliyyətinin artırılmasına və pilotsuz uçuş aparatlarından və raket təhdidlərindən müdafiəyə həsr olunduğunu bildiriblər.

Silahlı qüvvələrin modernləşdirilməsinə yönəlmiş daha geniş tələblər də müzakirə edilib. Məlum olub ki, Ermənistan Hindistanın uzaqmənzilli “Astra MK1” “havadan havaya” sinifli raketinin alınması və öz Su-30SM qırıcılarının parkının mümkün modernləşdirilməsini nəzərdən keçirir.

Ermənistan Hindistan müdafiə sistemlərinin ən böyük xarici alıcılarından birinə çevrilib, müqavilələrin həcmi 1,5 milyard dollardan çox qiymətləndirilir. Əlavə sifarişlərlə razılaşdırıldıqca ümumi dəyərin artacağı gözlənilir.

Ermənistan Hindistandan cəbhə xətti üçün mürəkkəb silah sistemləri alıb. Bunlar arasında “Pinaka” yaylım atəşli reaktiv sistemləri, “Akaş” zenit-raket sistemləri, “Svati” artilleriya kəşfiyyat radarları, pilotsuz uçuş aparatlarına qarşı platformalar, reaktiv mərmilər, sursat və köməkçi avadanlıqlar var.

Bu səfər general Anil Çauhanın bu ilin fevralında Ermənistana etdiyi səfərdən sonra baş tutur. Bu, hindistanlı yüksək rütbəli hərbçinin məlum olan ilk rəsmi səfəri idi və ikitərəfli müdafiə əməkdaşlığının davamlı dinamikasını vurğulayır.

Daha çox göstər
Back to top button