
“Respublika” partiyasının sədri Aram Sarkisyan partiyanın seçkiönü proqramını təqdim edərək, təhlükəsizlik və müdafiə sahəsində təklif olunan əsas dəyişikliklərə toxunub.
Onun sözlərinə görə, prioritet addımlardan biri Rusiya ilə vahid Hava Hücumundan Müdafiə (HHM) sistemindən imtina etmək olmalıdır.
“Biz Rusiya ilə ümumi hava hücumundan müdafiə sazişindən imtina etməliyik. Təsadüfi deyil ki, proqramımızda birinci məhz bunu qeyd etmişik.
KTMT-dən deyil, əvvəlcə Rusiya ilə vahid HHM sistemindən çıxmaq lazımdır. Xüsusən də ölkənin baş naziri özü etiraf edib ki, 44 günlük müharibə zamanı Ermənistanda HHM sistemləri söndürülüb.
Kim söndürüb — təbii ki, ermənilər yox; bunu ruslar edib” – deyə Sarkisyan bildirib.
O, vurğulayıb ki, bu problem həll olunmadan Ermənistanın aldığı silah növləri effektiv olmaya bilər.
“Hansı silahları alsaq da — istər Hindistandan, istərsə də Fransadan — onsuz da onlar tezliklə metal qırıntısına çevrilə bilər, çünki hava məkanında müdafiəsizik və nisbətən ucuz pilotsuz uçuş aparatları qısa müddətdə onları vura bilər” – deyə o qeyd edib.
Aram Sarkisyan həmçinin KTMT-dən çıxmaq məsələsinin vacibliyini qeyd edərək, bunun yaxın bir-iki il ərzində həyata keçirilməli olduğunu bildirib.
“Görürük ki, maksimum iki il ərzində KTMT-dən imtina etmək lazımdır. Bu qurum 2020-ci ildən sonra Azərbaycanın Ermənistan ərazisinə qarşı təşəbbüs etdiyi hücumlar zamanı özünü doğrultmadı.
Üstəlik, KTMT Ermənistan Respublikasının ərazisini tanımadı; bir halda bildirdi ki, yanlış müraciət göndərilib, digər halda isə sərhədlərin delimitasiya olunmadığını dedi.
Beləliklə, bir hərbi struktur kimi KTMT özünü qətiyyən doğrultmadı” – deyə o əlavə edib.
Sarkisyan orduda struktur dəyişikliklərinə də toxunaraq, peşəkar orduya keçidin vacibliyini vurğulayıb.
“Ermənistan Respublikası yaxın beş il ərzində peşəkar ordu modelinə keçməlidir. Bu, intensiv keçid adlanır. Belə nümunələr var; məsələn, Polşa beş il ərzində tamamilə peşəkar orduya keçib.
Biz bunu tamamilə real hesab edirik və bunun həyata keçirilməsinin aydın yollarını görürük” – deyə o, qeyd edib.







