
Türk jurnalistlər Yerevanda keçirilən Avropa Siyasi Birliyinin sammitində və “Yerevan dialoqu”nda iştirak etdikdən sonra Gümrüyə səfər ediblər. Onlar Gümrü-Qars dəmir yolu ərazisində olublar, dəmir yolunun yenidən fəaliyyətə başlaması perspektivlərini araşdırıblar və yerindəcə keçid məntəqəsinin açılmasının vacibliyi barədə danışıblar, deyə ermenihaber.am yazır.

Ermənistan-Türkiyə sərhədində onlar Gümrünün “Asparez” Jurnalistlər Assosiasiyasının sədri Levon Barseqyanla görüşüb və sərhədin açılmasının vacibliyini müzakirə ediblər. Barseqyan qeyd edib ki, Axurik stansiyası Soyuq müharibə dövrünün dəmir yolu şəbəkəsinin bir hissəsidir və həmin stansiya Ermənistandan Türkiyəyə gedən son nöqtədir, oradan isə Avropaya aparan yolun son stansiyasıdır.
Barseqyanın sözlərinə görə, bu, Asiya ilə Avropa arasında Orta dəhlizin bir hissəsinə çevrilə bilər.

O həmçinin xatırladıb ki, bu marşrut sovet illərində fəaliyyət göstərib və 1992-93-cü illərdə bir il açıq qalıb. Onun sözlərinə görə, sərhədin yenidən açılması iki ölkə arasında ticarətin və münasibətlərin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Barseqyan əlavə edib ki, bu, təkcə Türkiyə və Ermənistana deyil, həm də qonşu ölkələrə fayda verəcək.







