
Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan Türkiyənin Ermənistanla ikitərəfli ticarətə qoyduğu məhdudiyyətlərin aradan qaldırılmasına toxunaraq, bunun iki ölkə arasında tam və normal münasibətlərin inkişafı istiqamətində mühüm addım olduğunu vurğulayıb.
Sözçü bu barədə Facebook səhifəsində yazıb. “Biz Türkiyənin Ermənistan Respublikası ilə ikitərəfli ticarətə qoyduğu məhdudiyyətlərin aradan qaldırılması qərarını alqışlayırıq ki, bu da Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesinin daha bir nəticəsidir.
Bu qərar iki ölkə arasında ticarət və biznes əlaqələrinin genişləndirilməsi, regionda iqtisadi əlaqələrin təşviqi və sülhün və rifahın təmin edilməsi baxımından vacibdir.
Vurğulayaq ki, bu, iki ölkə arasında tam və normal münasibətlərin inkişafı istiqamətində mühüm addımdır”, – sözçü yazıb və qeyd edib ki, bu, Ermənistan-Türkiyə sərhədinin açılması və diplomatik münasibətlərin qurulması ilə məntiqi davamını ala bilər.







