
Ermənistanın Baş naziri Nikol Paşinyan bütün Ermənistan vətəndaşlarını Mayın 28-də Respublika Günündə Yerevanın Respublika meydanında keçiriləcək hərbi parada qatılmağa çağırıb.
Alınan məlumatına görə, hazırda məzuniyyətdə olan və Ermənistanda iyunun 7-də keçiriləcək seçkiöncəsi təşviqat kampaniyasında iştirak edən Nikol Paşinyan bu barədə Yerevanın Şengavit inzibati rayonunda sakinlərlə görüş zamanı deyib.
“Ordularla bağlı əlavə sualları olanlar üçün bu hərbi parad bir çoxlarının suallarına cavab verəcək. Üstəlik, mən tapşırmışam ki, paradın silah-sursatı meydandan keçib getməsin, əksinə, bu silah-sursat Respublika meydanına daxil olmalı, Tiqran Mets prospekti ilə getməli və yəqin ki, dəmiryol stansiyasına qədər uzanacaq.
Əlbəttə, hər iki tərəfdən hasarlar quraşdıracağıq ki, insanlar çox yaxınlaşmasın. Mən tapşırmışam ki, vətəndaşlar gəlib görsünlər və qiymətləndirsinlər” – deyə Baş nazir bildirib.
O, əlavə edib ki, proqnozu var: həmin gün Yerevanın restoranlarının işi çox olacaq, çünki paradda iştirak edəcək vətəndaşlarda bundan sonra əylənmək istəyi yaranacaq, belə ki, onlar tamam başqa bir ordu görəcəklər.
“Lakin ordunu sülhün alətinə çevirmək üçün, müharibə aləti yox, biz deyirik ki, Ermənistan ordusunun Ermənistanın suveren ərazisinin müdafiəsindən başqa heç bir problemi həll etmək məqsədi yoxdur.
Biz bunu xalq-dövlət razılığı kimi qeydə almalıyıq ki, biz bütün imkanlarla müdafiə qabiliyyətimizi artıracağıq, lakin Ermənistanın suveren sərhədindən kənarda hərbi məqsədlərimiz olmayacaq, aqressiv siyasət aparmayacağıq” – deyə Paşinyan qeyd edib.
Onun sözlərinə görə, Ermənistan ordusu ölkənin sərhədlərindən kənara yalnız beynəlxalq müqavilələr əsasında sülhməramlı missiyalarda iştirak edəcəyi hallarda çıxacaq.
Ermənistanda mayın 28-də hərbi parad keçiriləcək, bu zaman son illərdə əldə edilmiş silah-sursat nümayiş etdiriləcək.







