
Aparıcı erməni şirkətlərinin, tədqiqat mərkəzlərinin və mühəndislik qruplarının texnoloji məhsulları, müdafiə sistemləri və innovativ həlləri bir platformada təqdim olunacaq.
Verilən məlumata görə, Karen Demirçyan adına İdman-Konsert Kompleksində iyunun 3-ü və 4-də RISE Powered by Silicon Mountains 2026 iki günlük yüksək texnologiyalar sərgisi və forumu keçiriləcək.
Ermənistanın Yüksək Texnologiyalı Sənaye naziri Mxitar Hayrapetyan sərgi ərəfəsində jurnalistlərlə görüşdə qeyd edib ki, sərgidə erməni mühəndislik düşüncəsinin işlənib hazırlanmış və son məhsul kimi istehsal edilmiş ideyaları nümayiş etdiriləcək.
Onun sözlərinə görə, tədbirin keçirilməsi üçün Ermənistan hökuməti İnformasiya və Kommunikasiya Texnologiyaları İşəgötürənləri İttifaqına qrant formasında 60 milyon dram məbləğində dəstək göstərib.
“Ermənistan son illərdə özünü regionda texnoloji ölkə kimi mövqeləndirə bilib və əldə etdiklərimiz təqdirəlayiqdir, lakin artıq vaxtdır ki, xidmət göstərən texnoloji ölkədən öz məhsullarını istehsal edən və ixrac edən ölkəyə çevrilək” – deyə nazir əlavə edərək bildirib ki, tədbir erməni şirkətlərinə ictimai hesabatlılıq çərçivəsində illərlə apardıqları işləri təqdim etməyə imkan verəcək.
İKT İşəgötürənləri İttifaqının icraçı direktoru Eduard Musayelyanın sözlərinə görə, sərgi unikaldır, çünki o, Ermənistanın son nailiyyətlərinə, mühəndislik və kibertəhlükəsizlik sahəsindəki innovasiyalara həsr olunub.
“Sərgidə 40-dan çox şirkət iştirak edəcək. Biz erməni zəkasının nələrə qadir olduğunu nümayiş etdirmək istəyirik” – deyə Musayelyan bildirib.
İKT İşəgötürənləri İttifaqının prezidenti, “Unicom” QSC-nin baş direktoru Armen Baldryan da qeyd edib ki, Ermənistanda bu günə qədər dünya sənayesi üçün çalışan çox sağlam hüceyrələr mövcuddur.
“Əsas məqsədlərimizdən biri tam hüquqlu erməni məhsulunun formalaşmasına töhfə verməkdir. Bu, Ermənistan iqtisadiyyatının rəqabət qabiliyyətini yüksəldəcək yoldur” – deyə o, əlavə edib.
Forum iyunun 3-də üç panel müzakirəsi ilə keçiriləcək: kibertəhlükəsizlik, müdafiə sənayesi və mühəndislik həlləri mövzularında.
Tədbirin şüarı “Bizik, dağlarımız – yüksəliş” olub, erməni texnoloji düşüncəsinin gücünü, böyüməsini və tərəqqisini simvollaşdırır







