BaşlıcaEkonomika

Bakı-Tbilisi-Kars: “Tarixi” istismara vermə – gecikmiş hesablamalarla

Gürcüstan və Azərbaycan Ermənistanı yan keçən Bakı-Tbilisi-Kars dəmiryolunun modernləşdirilmə mərhələsini başa çatdıraraq və onun buraxılış qabiliyyətini artıraraq “tarixi” razılaşmaların həyata keçirildiyini elan edirlər.

 Gürcüstanlı rəsmilər Azərbaycana səfərdən yeni razılaşmalarla qayıdıblar ki, Tbilisinin sözlərinə görə, bunlar ölkənin enerji təhlükəsizliyini və regionda tranzit rolunu gücləndirəcək.

Söhbət Gürcüstana azərbaycan qazının verilməsi müqaviləsinin uzadılması, Bakı-Tbilisi-Kars dəmiryolunun genişləndirilmiş rejimdə istismarı və gürcü-azərbaycan quru sərhədinin qismən açılmasından gedir.

Azərbaycan pandemiya dövründən qalan quru sərhəd məhdudiyyətlərini qorumaqda davam edir, lakin indi bəzi güzəştlərə gedir.

Azərbaycan tərəfi 6 illik fasilədən sonra Gürcüstanla quru yolunu qismən açır və mayın 26-da – Gürcüstanın “Müstəqillik Günü”ndə dəmiryolu əlaqəsinin bərpa olunacağını və uzun fasilədən sonra ilk sərnişin qatarının Tbilisiyə yola düşəcəyini bəyan edir.

Diqqətçəkici məqam odur ki, Azərbaycan qonşu ölkələrlə quru sərhədlərini sərnişin daşımaları üçün qapalı saxlamaqda davam edir. Hələ də Rusiya və İran istiqamətləri qapalıdır.

Azərbaycan prezidenti İlham Əliyevin israrına görə, quru yollarının qapalı olması “ölkəni böyük fəlakətlərdən xilas edib”.

 O, daha əvvəl “milli təhlükəsizlik məsələlərinin, xüsusən də şimal sərhədində müharibə, cənub sərhədlərində böhran olduğu bir vaxtda prioritet olmalıdır” bəyanatını vermişdi.

Gürcüstanla quru sərhədin açılması ilə yanaşı, Bakı-Tbilisi-Kars dəmiryolu da genişləndirilmiş rejimdə istismara veriləcək – bu məsələ ilə bağlı gürcü-azərbaycan koordinasiya şurasının protokolu imzalanıb.

Tərəflər əmin edirlər ki, bununla 2007-ci ildə təməli qoyulmuş Bakı-Tbilisi-Kars dəmiryolu layihəsinin həyata keçirilməsinin uzunmüddətli, tarixi prosesi başa çatır.

Tbilisiyə qayıdan baş nazir İrakli Kobaxidze bəyan edib: “Azərbaycanla biz Xəzər dənizini Qara dənizlə, bununla da Avropanı Asiya ilə birləşdiririk.

Gürcüstan və Azərbaycan arasında əməkdaşlığın inkişafı həqiqətən strateji xarakter daşıyır və bu baxımdan bu razılaşmalar tarixi əhəmiyyətə malikdir”.

Ermənistanı yan keçən və müxtəlif platformalarda bəzən “Əsrin layihəsi” kimi təqdim olunan Bakı-Tbilisi-Kars demək olar ki, iyirmi il ərzində üç iştirakçı ölkənin – Gürcüstan, Azərbaycan və Türkiyənin iqtisadi gözləntilərini tamamilə doğrultmayıb.

Bu günə qədər nəzərdə tutulan həcmlərə çatmayan Bakı-Tbilisi-Kars dəmiryolu ilə illik yükdaşıma həcmi 1 milyon tonu keçməyib. Hal-hazırda modernləşdirilmə və tam istismara verilmədən sonra bu göstəricinin beş dəfə arta biləcəyi elan olunsa da, gürcü ekspert dairələrində layihənin iqtisadi səmərəliliyinə şübhə ilə yanaşmaqda davam edirlər.

Tbilisi Dövlət Universitetinin Analitik Mərkəzinin rəhbəri Vaxtanq Çaraya “İctimai Radio”ya verdiyi müsahibədə deyir ki, layihə o qədər gecikib ki, bu gün artıq Gürcüstanın gözlənilən iqtisadi mənfəətindən danışmaq çətindir.

“Əgər dəmiryolu daha əvvəl tikilsəydi, o zaman ondan Çin mallarını Avropaya daşımaq üçün də istifadə etmək olardı, lakin indi çinli yükdaşıyıcılar artıq başqa marşrutlar seçiblər. İndi yeni bazarları cəlb etmək çətindir” – -deyə  o, qeyd edib.

Eyni zamanda, Rusiya-Ukrayna müharibəsi fonunda Şərq-Qərb alternativ marşrutlarına maraq artıb və Bakı-Tbilisi-Qars sözdə “Orta dəhliz”in mühüm tərkib hissələrindən biri kimi dəyərləndirilir. Rusiya-Ukrayna müharibəsindən sonra Şərq-Qərb alternativ marşrutlarına tələbat artıb.

Gürcüstan bu gün mövcud və təklif olunan regional layihələrdə fəal iştirak etməyə çalışır. Bu istiqamətdə, “Gürcüstan Dəmir Yolları”nın baş direktoru Laşa Abaşidzenin qeyd etdiyi kimi, Tbilisi regionun demək olar ki, bütün ölkələri ilə əlaqədədir.

“Regionun bütün ölkələri – həm Azərbaycan, həm də Ermənistan, həmçinin Qazaxıstan və Özbəkistanın dəmiryolu şirkətləri ilə gündəlik təmaslarımız var.

 Həm bu cür dəmiryolu daşımaları, həm də infrastrukturun yaxşılaşdırılması istiqamətində davamlı şəkildə işləyirik”.

Təxminən iyirmi il gecikmiş Bakı-Tbilisi-Qars layihənin başlanğıcında söylənildiyi kimi regional dəhlizə çevrilə bilərmi? Qiymətləndirmələr qəti şəkildə fərqli və çox vaxt bir-birini istisna edən olaraq qalır.

Lakin yeni regional reallıqlarda Tbilisi müxtəlif kommunikasiya istiqamətlərində iştirak edərək öz tranzit əhəmiyyətini qorumağa çalışır.

Daha çox göstər
Back to top button