BaşlıcaSiyasət

Ararat Mirzoyan “Ermənistanda 300 min azərbaycanlının məskunlaşdırılması” tezisini xəstə təxəyyülün nəticəsi adlandırdı

Ermənistanda 300 min azərbaycanlının məskunlaşdırılması tezisi xəstə təxəyyülün nəticəsidir. Alınan məlumata görə, mayın 26-da jurnalistlərlə görüşdə bu haqda  Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan deyib.

O, müxalif siyasi qüvvələr tərəfindən yayılan, guya “qarşıdan gələn parlament seçkilərində hakimiyyətin yenidən seçilməsi halında Ermənistanda 300 min azərbaycanlının məskunlaşdırılacağı”  tezisinə reaksiya verib.

“Bir daha deyirəm: Ermənistanda 300 min azərbaycanlının məskunlaşdırılması tezisi xəstə təxəyyülün nəticəsidir, ağılsızlıqdır.

Üstəlik, bizim təkzibimizdən sonra bunu yenidən təkrarlamaq iki şeydən xəbər verir: ya təkrar edən başa düşmür, ümumiyyətlə, ibtidai beyin hüceyrələri səviyyəsində nə deyildiyini anlamır, ya da ikincisi – bu, alçaqlıqdır, çünki o, pis niyyətlə mövcud olmayan şeyi təkrar edərək, insanlar üçün həssas məsələlərlə manipulyasiya etməyə, əlbəttə ki, faydasız, cəmiyyət üçün ağrılı nöqtələrə təzyiq göstərməyə çalışır.

 Üstəlik, bu cəfəngiyyatı davamlı təkrar edən adamın, onun maraqları baxımından hansı səbəb daha yaxşıdır – onun bunu başa düşmədiyi üçün təkrarlaması, yoxsa pis niyyətli olduğu üçün təkrarlaması?

 Hörmətli həmvətənlər, Ermənistanda 300 min azərbaycanlının məskunlaşdırılması tezisi xəstə təxəyyülün nəticəsidir, cəfəngiyyat və alçaqlıqdır”- deyə Mirzoyan bildirib.

Jurnalistlərdən birinin “bəs neçə azərbaycanlının məskunlaşdırılmasından söhbət gedir?”- sualına cavab olaraq Mirzoyan: “Heç bir” – deyə cavab verib.

Hakimiyyətin yenidən seçilməsi halında guya 300 min azərbaycanlının Ermənistanda məskunlaşdırılması tezisi “Güclü Ermənistan” və “Ermənistan” müxalif bloklarının nümayəndələri tərəfindən fəal şəkildə yayılır.

Ermənistanın Baş naziri Nikol Paşinyan bu açıqlamaları bir neçə dəfə təkzib edərək, Ermənistan və Azərbaycan arasında danışıqlarda belə bir məsələnin heç vaxt müzakirə edilmədiyini və edilmədiyini vurğulayıb.

 Təkziblərə baxmayaraq, müxalif qüvvələrin nümayəndəlri bu tezisi fəal şəkildə yaymağa davam edir, həmçinin süni intellektlə yaradılmış videolar hazırlayıb yayırlar.

Daha çox göstər
Back to top button