
Alınan məlumata görə, bu barədə jurnalistlərlə söhbətdə Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan bildirərək , qeyd edib ki, TRIPP-in İran üçün təhlükəsizlik problemləri yarada biləcəyinə dair narahatlıqlar aradan qalxıb.
“İranda TRIPP-in guya təhlükəsizlik komponenti ilə bağlı suallar var idi, üçüncü tərəfin silahlı qüvvələrinin yerləşdirilməsi məsələsi müzakirə olunurdu.
İrandakı həmkarlarımız imzalanmış sənəddə belə bir şeyin nəzərdə tutulmadığını gördülər, bütün infrastrukturlar Ermənistan Respublikasının suverenliyi altında olacaq, Ermənistanın yurisdiksiyası altında fəaliyyət göstərəcək və bu, üçüncü tərəfin yerləşdirilməsini də istisna edir.
Bu məsələlər ətrafında xüsusilə narahat olmağa yer yoxdur. Eyni İran üçün də TRIPP imkanlar gətirəcək. Axı Naxçıvandan biz dəmir yolu ilə İranın dəmir yolu şəbəkəsinə qoşulacağıq.
Bizim vasitəmizlə İran da, məsələn, Qara dənizə çıxa biləcək. Beləliklə, TRIPP ilə Fars körfəzi-Qara dəniz yeni dəmir yolu əlaqəsi yaradılır” – deyə Mirzoyan bildirib.
Ermənistanın Xarici İşlər naziri əlavə edib ki, TRIPP Rusiya Federasiyası üçün də imkanlar yaradacaq.
“Rusiyadan çoxsaylı rəsmilər TRIPP-ə maraq göstərirlər, iştirak etmək istəyirlər” – deyə Ararat Mirzoyan qeyd edib.
Mayın 26-da Ermənistan və Amerika Birləşmiş Ştatları “Trump yolu beynəlxalq sülh və beynəlxalq rifah naminə” layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişini ilkin imzalayıblar.
Sənədin ilkin imzalanması ABŞ dövlət katibi Marko Rubionun Ermənistana səfəri çərçivəsində baş tutub.
Erməni tərəfdən sənədi Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan, Amerika tərəfdən ABŞ dövlət katibi Marko Rubio imzalayıb.







