
“Xronika Kavkaza” redaksiya heyəti Ermənistanda keçiriləcək seçkilərə genişmiqyaslı siyasi müdaxilə planlarını üzə çıxaran müstəsna sənədlər toplusunu əldə edib.
Materiallara görə, sirrin sızmasının mənbəyi Rusiya kəşfiyyatının fəal əməkdaşının haker hücumuna məruz qalmış mobil telefonu olub.
Sənədlər Rusiya xüsusi təyinatlı qüvvələrinin strategiyalarını ətraflı təsvir edir: təşviqat metodlarından və mövcud hökumətə sistemli hücumlardan tutmuş risklərin və imkanların dərin təhlilinə qədər.
Ssenarilərin əsas məqsədi Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün tədbirlər həyata keçirməkdir. Bundan əlavə, əldə edilmiş sənədlərdə ölkədə bir neçə müxalifət partiyasının gizli maliyyələşdirilməsi, əlaqələndirilməsi və istismarına dair ətraflı təlimat var.
Materiallar çox konkret başlıqlı analitik qeydlə başlayır: “Erməni “Şaxta baba” türkpərəst saxta Robin Quda qarşı”. Müqəddimədə müəllif ölkədə hakimiyyət dəyişikliyinin beş mümkün konstitusiya və siyasi ssenarisini modelləşdirərək onların realiliyini qiymətləndirir.
Diqqətçəkən məqam budur ki, sənədin müəllifləri ilk dörd variantı az ehtimal olunan və ya tamamilə qeyri-mümkün adlandırırlar. Belə ki, “daxili çevriliş” ehtimalı (1998-ci il nümunəsi ilə) və ya Baş nazirin impiçment proseduru Nikol Paşinyana qarşı güc blokunun böyük sədaqəti, hakim “Nülki Müqavilə” partiyasında parçalanmanın olmaması və bu komandada çaxnaşmanın yoxluğu səbəbindən “sıfır” olaraq qiymətləndirilir.
Xüsusi xidmət orqanlarının analitikləri baş nazirin könüllü istefası və ya küçə kütləvi etirazlarının təzyiqi altında onun getməsi ssenarilərini də az ehtimal edirlər.
Qeyd edirlər ki, bunun üçün ən güclü fors-major lazımdır, məsələn, Kilsəyə fiziki hücum və ya ərazi itkiləri.
Nəticədə, sərt və ya vaxtından əvvəl hakimiyyət dəyişikliyi variantlarını istisna edərək, sənəd müəllifləri planlarının həyata keçirilməsi üçün yeganə həyat qabiliyyətli və ən perspektivli ssenarinin iyunun 7-nə təyin edilmiş parlament seçkiləri olduğu qənaətinə gəlirlər.
Bu ssenarini seçkilər zamanı həyata keçirmək üçün sənəd müəllifləri erməni seçicilərinin bir növ “rəngli” xəritələşdirilməsinə əl atır, cəmiyyəti üç şərti hissəyə – qara, ağ və qırmızı rənglərə bölürlər.
“Qara” hissəyə keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqisyanın rəhbərlik etdiyi ənənəvi parlament müxalifətinin tərəfdarları daxildir: bu hissə cəmi 15% qiymətləndirilir.
Daha 15% “ağ” hissəyə – Nikol Paşinyanın tərəfdarlarına və qərbpərəst qüvvələrin nüvəsinə ayrılır. Lakin rusiyalı siyasi texnoloqların əsas kəşfi və hədəfi nəhəng “qırmızı” hissədir ki, bu da cəmiyyətin təxminən 70%-ni təşkil edir.
Analizə görə, bunlar Paşinyanın uzaqlaşdırılmasını istəyən, lakin əvvəlki “qara” rejimin qayıdışını qətiyyətlə rədd edən insanlardır. Onların əsas narahatlıqları iqtisadiyyat, sosial ədalət və təhlükəsizlik müstəvisindədir.
Bu ən vacib 70% hissəni qazanmaq üçün Moskva böyük iş adamı Samvel Karapetyanın fiquruna ümid edir. Sənədlərdə o, açıq şəkildə “erməni İvanişvili” adlandırılır – gürcü milyarderi ilə müqayisə edilir, hansı ki, “münaqişəsiz öz ölkəsinin siyasi kursunu dəyişə bildi”.
Plana görə, Karapetyanın yeni partiyası keçmiş və ya indiki fiqurlara etibar etmədən, siyasi nəsil dəyişikliyinin «üçüncü qüvvəsi» kimi mövqeləndirilməlidir.
Bu qüvvənin proqramı “qırmızı” çoxluğun tələblərinə uyğun olaraq xüsusi hazırlanmışdır: sosial vəziyyətin yaxşılaşdırılması, biznes investisiyaları, Ermənistan və Diaspor arasında əlaqələrin bərpası və müəlliflər üçün vacib olan, Rusiya Federasiyası ilə strateji münasibətlərin bərpası.
Sənədlərin “Nə etməli?” başlıqlı bölməsində müəlliflər ətraflı taktikaya keçirlər. Siyasi texnoloqların əsas tövsiyəsi müxtəlif tədbirlərdən imtina edib maksimum birləşməkdir.
Eyni zamanda, Samvel Karapetyan «partiyaüstü» mövqe tutmalı, “müxalif qüvvələri barışdıran” fiqur kimi xidmət etməlidir.
Bu ittifaqı möhkəmləndirmək üçün ona digər fraksiyaların rəhbərlərinə “hər birinizin Paşinyandan sonrakı gələcək hökumətdə yer alacağına” vəd vermək təklif olunur.
İttifaqa cəmiyyətdə müqəddəs çəki vermək üçün strateqlər dini kartı oynamağı, Karapetyanın imicini “həbs edilmiş arxiyepiskop Maykl” ilə ittifaqla möhkəmləndirməyi təklif edirlər ki, bu da seçicilərə “dünyəvi və mənəvi rəhbərlərin güclü birliyini” göstərsin.
Sənədlərdə yerli infrastrukturların yerləşdirilməsinə xüsusi diqqət yetirilir. Samvel Karapetyanın baza partiyası, operativ təlimata əsasən, güclü ərazi şəbəkəsinə malik olmalıdır:
Ermənistan Respublikasının paytaxtında, Yerevanın bütün inzibati rayonlarında, bütün şəhərlərdə, iri icmalarda və iri kəndlərdə təxminən 100 hüceyrə. Lakin rus analitikləri hakimiyyət tərəfindən müqavimət risklərini də qiymətləndirirlər.
Onlar güman edirlər ki, “Nikol Paşinyan Samvel Karapetyanı uzun müddət həbsdə saxlamağa çalışacaq” və eyni zamanda onun qeydiyyatına mane olacaq.
Moskvada ehtiyat plan da hazırlanmışdır – 0 da “Ana Ermənistan” ittifaqı şəklində “mülayim-kütləvi partiyanın” yaradılmasıdır. Onun quruluşu daha yerli və yığcam hesablanmışdır: kuratorlar yalnız Yerevanın 12 inzibati rayonunda və Respublikanın 10 əsas mərkəzi şəhərində hüceyrələrin açılmasını tapşırırlar.
Karapetyandan əlavə, Rusiya kəşfiyyat xidmətləri bu böyük ittifaqa Qagik Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyasını da inteqrasiya etmək niyyətindədir. Siyasi texnoloqlar qeyd edirlər ki, onun iştirakı ittifaqa “əlavə dəyər” gətirə bilər.
İctimaiyyətin gözündə bu oliqarxik birliyi qanuniləşdirmək üçün plan paralel, guya müstəqil «Vətəndaş Platforması» yaratmağı nəzərdə tutur.
Təklif olunur ki, platformaya insan hüquqları müdafiəçiləri, siyasi elmlər doktorları, jurnalistlər və partiyasızlər daxil edilsin. Bu qurumun rəsmi funksiyası “Kilsənin, konstitusiya hüquqlarının və siyasi məhbusların müdafiəsidir”.
Müəlliflər sonda belə nəticəyə gəlirlər ki, dörd qüvvə də – Karapetyanın partiyası, “Ana Ermənistan” ittifaqı, “Çiçəklənən Ermənistan” və “Vətəndaş Platforması” – “işin ciddi bölgüsünü təmin edəcək vahid siyasi rəhbərlik” altında olmalıdır.
Yaranan ittifaqın əsas sınağı və həyat qabiliyyətinin yoxlanması kimi təşkilatçılar ölkənin mənəvi mərkəzində yerli kampaniya planlaşdırmışdılar.
Sənədlərdə bu mərhələ «Eçmiadzin seçkiləri: müxalifətin ilk imtahanı” adlandırılmışdır.
Analitik qeyddə “ənənəvi” müxalifət düşərgəsində vəziyyətin təhlili də mövcuddur. Rus strateqləri “köhnə qvardiya”da – Robert Koçaryan (Daşnaksutyun daxil olmaqla) və Serj Sarqisyanın komandaları arasında dərin daxili parçalanma qeyd edirlər.
Sızdırılan məlumata görə, təşkilatçılar Serj Sarqisyanı əsas dağıdıcı element hesab edirlər. O, “Robert Koçaryanı oyundan sıxışdırıb çıxarmağa və Arman Tatoyan ilə Ruben Mxitaryan vasitəsilə “qara” seçki sahəsinə öz kürəkəni Maykl Minasyanı gətirməyə” çalışır.
Keçmiş prezidentlərə münasibətdə kuratorların planı küçə aktivliyini və yeni koalisiyanın “dördlüyün” uğurlarını gözləmək, sonra isə Koçaryanı və Sarqisyanı sərt seçim qarşısında qoymaqdır: ya Karapetyanın rəhbərliyini tanıyıb geniş koalisiyaya qoşulsunlar, ya da tamamilə “siyasi kənarda” qalsınlar.
Sənədlərin son bölməsi – “2026-cı il seçkiləri” – təqdim olunan strategiyanı yekunlaşdırır: kampaniyanın əsas elementi birbaşa təşkilati toqquşma olmalıdır – “piramida piramidaya qarşı” sxemi ilə.







