BaşlıcaSiyasət

2 milyard dollarlıq saziş: Ermənistan Azərbaycan, Pakistan və Türkiyə ittifaqına qarşı durmaq üçün Hindistandan silah alır

Ermənistan Hindistanla müdafiə sahəsində əməkdaşlığı fəal şəkildə genişləndirir. “Times of India»nın məlumatına görə, İrəvan Azərbaycan, Pakistan və Türkiyə ittifaqı tərəfindən artan təhdidlər fonunda silahlı qüvvələrini gücləndirmək məqsədilə ümumilikdə təxminən 2 milyard dollar dəyərində silah alışı müqavilələri imzalayıb.

Bu addım Ukraynada uzanan münaqişə səbəbindən Rusiyanın hərbi dəstəyinin azalmasından sonra Ermənistanın təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtarmağa məcbur olması ilə əlaqədardır.

Öz müdafiə qabiliyyətini artırmaq və ordunu müasirləşdirmək məqsədilə İrəvan Hindistandan qabaqcıl silah sistemləri alır.

Əlaqələrin dərinləşdirilməsi çərçivəsində Ermənistan Silahlı Qüvvələrinin üç nəfərdən ibarət nümayəndə heyəti yaxınlarda Naşik şəhərindəki (Maharaştra ştatı) artilleriya məktəbinə səfər edib.

Erməni hərbçilər hind təlim metodları ilə tanış olub və artilleriyanın döyüş atışlarını izləyiblər.

Bundan əlavə, keçən ay Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan Yeni Dehlidə Hindistanın Müdafiə nazirliyinin rəhbərliyi, o cümlədən Müdafiə Qərargah rəisi general Anil Çauhan və Quru Qoşunlarının Qərargah rəisi general Upendra Dvivedi ilə yüksək səviyyəli danışıqlar aparıb.

Hindistan 2020-ci il Qarabağ müharibəsindən sonra Ermənistanın əsas müdafiə tərəfdaşlarından birinə çevrilib.

2020-ci ildən bəri Ermənistan Hindistanla ümumilikdə təxminən 2 milyard dollar dəyərində müdafiə müqavilələri imzalayıb. Bunlara aşağıdakı silahlar daxildir:

Swathi əks-batareya mübarizəsi radar stansiyaları, Pinaka çoxkalibrli yaylım atəşi raket sistemləri, pilotsuz uçuş aparatlarına qarşı mübarizənin qabaqcıl kompleksləri.

 2022-ci ildə İrəvan Hindistanın Akash zenit-raket kompleksinin ilk xarici sifarişçisi olub və 720 milyon dollarlıq müqavilə imzalayıb, bu da ölkənin hava hücumundan müdafiə potensialını əhəmiyyətli dərəcədə gücləndirib.

Akash sistemlərinin tədarükü 2024-cü ildə başlayıb və bu, Ermənistanın PUA-lar və raket silahlarından gələn təhdidlərə qarşı mübarizə imkanlarını artırıb.

Bundan başqa, Yeni Dehli Ermənistana hərbi bazaların və kritik infrastruktur obyektlərinin mühafizəsi üçün ixtisaslaşmış PUA əleyhinə komplekslər tədarük edib.

Hazırda iki ölkənin rəsmiləri hərbi hazırlıq, birgə müdafiə istehsalı sahəsində əməkdaşlıq perspektivlərini və hind texnologiyalarından istifadə etməklə Ermənistanın Su-30SM qırıcılarının mümkün modernləşdirilməsini də müzakirə edirlər.

İrəvan getdikcə daha tez-tez Yeni Dehliyə qabaqcıl silah sistemləri, hərbi hazırlıq proqramları və birgə müdafiə istehsalı sahəsində perspektivli layihələr üçün müraciət edir ki, bu da Hindistanı Cənubi Qafqazda qüvvələrin strateji balansı sistemində mühüm oyunçuya çevirir.

Daha çox göstər
Back to top button