BaşlıcaSiyasət

Paşinyan: “Ermənistan bu gün müxtəlif ölkələr üçün müstəsna əhəmiyyət kəsb edən texnologiyalara çıxış imkanına malikdir”

Ermənistanın balanslaşdırılmış və tarazlaşdırıcı xarici siyasətinin nəticələrindən biri bu gün silah və texnologiyaların beynəlxalq bazarlarına çıxış imkanıdır.

Alınan məlumata görə, “Facebook” səhifəsində yayımladığı videoda bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib.

Onun sözlərinə görə, balanslaşdırılmış siyasət kəskin addımları nəzərdə tutmur.

“Balanslaşdırılmış və tarazlaşdırıcı xarici siyasət kəskin və formulsuz bir şey etmək mənasına gəlmir və buna görə də həm tarazlığın təsdiqi, həm tarazlığın bərpası, həm də yeni tarazlığın formalaşdırılması mümkün qədər hamar baş verməlidir ki, onlar idarə oluna bilsin və başqa cür əks-sarsıntılar baş verməsin” – deyə o, qeyd edib.

Baş nazir bu siyasətin nəticəsinə misal olaraq mayın 28-də Yerevanın Respublika meydanında keçirilmiş hərbi paradı göstərib.

“2026-cı il mayın 28-dəki hərbi paradda biz sizin gördüyünüz  olayları nümayiş etdirdik və bu, hərbi-texniki əməkdaşlıqda çox incə və ehtiyatlı tarazlaşdırma işinin nəticəsi idi” – deyə Paşinyan bildirib.

O, vurğulayıb ki, paradda təxminən yeddi ölkənin istehsalı olan hərbi texnika, həmçinin Ermənistan istehsalı olan silahlar nümayiş etdirilib.

Paşinyanın sözlərinə görə, Ermənistanın istehsal etdiyi bəzi silah növlərində istifadə olunan texnologiyalara çıxış da balanslaşdırılmış xarici siyasət sayəsində mümkün olub.

“Həmin texnologiyalara çıxışı biz balanslaşdırılmış siyasət, balanslaşdırılmış və tarazlaşdırıcı siyasət nəticəsində əldə etmişik” – deyə o, qeyd edib.

Baş nazir bəyan edib ki, bu gün Ermənistan, mahiyyətcə, bütün beynəlxalq silah bazarına və müxtəlif ölkələr üçün müstəsna əhəmiyyət kəsb edən texnologiyalara çıxış imkanına malikdir.

Onun sözlərinə görə, bəzi texnologiyaların ixracı və ya Ermənistanda tətbiqi üçün lisenziyaların alınması məsələsində Birləşmiş Ştatlarla strateji tərəfdaşlıq mühüm rol oynamışdır.

“Bizim Birləşmiş Ştatlarla strateji tərəfdaşlıq qurmağımız mühüm əhəmiyyət kəsb etmişdir və bu strateji tərəfdaşlıq öz bəhrəsini vermişdir” – deyə Paşinyan bildirib.

Daha çox göstər
Back to top button