
“Hanun Hanrapetutyan” (Respublika naminə) partiyasının sədr müavini, deputatlığa namizəd Ruben Mehrabyan seçkiqabağı təşviqat kampaniyasına, Ermənistanın daxili siyasi arenasında Rusiya Federasiyasının roluna, iqtisadi təzyiqlərə və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq zərurətinə toxunub.
Erməni mallarının idxalına Rusiya tərəfindən qoyulan qadağalardan danışarkən natiq bunun seçkilər ərəfəsində birbaşa təzyiq olduğunu qeyd edib.
“Hansı məqsədlə? Ermənistan vətəndaşını qorxutmaq və seçkilər ərəfəsində ona öz iradəsini diktə etmək üçün”.
Ruben Mehrabyan Ermənistanın Aİİ-də qalmağının məqsədəuyğunluğunu şübhə altına alaraq onu “tövlə” adlandırıb. O, bir sıra ritorik suallar ünvanlayıb:
“Əgər bir təşkilat çərçivəsində bir vaqon sənəd imzalanıbsa və bu sənədlər bir manyak cinayətkarın şıltaqlığı ilə bir vaqon tualet kağızına çevrilirsə, biz nə üçün bu təşkilatda qalırıq?
Rusiya daha nə etməlidir ki, nəhayət, bu tövlədə işimiz olmadığı qənaətinə gələk?”
Mehrayanın sözlərinə görə, “Cənubi Qafqaz Dəmir Yolu” Ermənistanda fəaliyyətini dayandırmalıdır, çünki o, beynəlxalq sanksiyalar altındadır və regional layihələrə mane olur:
“Ruslar bu güzəştli idarəetmədən əl çəkməlidirlər”.
Qaz təchizatının mümkün dayandırılması halında o, qısamüddətli həll yolu olaraq Avropa İttifaqının vasitəçiliyini təklif edib.
“Avropa Birliyi ilə razılaşmaq olar ki, Azərbaycandan alınacaq qaz kvotasını onlar Gürcüstan vasitəsilə Ermənistana yönəltsinlər və biz pulu Avropa İttifaqına ödəyək. Bu, qısamüddətli həll yolu kimi”.
Uzunmüddətli perspektivdə Mehrabyan enerji sisteminin diversifikasiyasını, xüsusilə günəş enerjisinin inkişafını, həmçinin İran və Mərkəzi Asiya istiqamətində alternativ qaz mənbələrinin axtarışını vacib sayıb.
O, Rusiyanın artıq rasionallıq hüdudlarından kənar hərəkət etdiyini vurğulayıb, buna görə də Ermənistan istənilən ssenariyə hazır olmalı və “ehtiyat variantına” sahib olmalıdır.







