
Avropa Komissiyasının prezidenti Ursula Fon Der Lyayen gələn həftə Ermənistana səfər etməyə hazırlaşır. Verilən məlumata görə, bu barədə Politico səfərin planları ilə tanış olan üç mənbəyə istinadən yazır.
Nəşrin məlumatına görə, nümayəndə heyətinin tərkibində AB-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos da olacaq. Səfər iyulun 1-nə planlaşdırılır, lakin Politico qeyd edir ki, planlar hələ yekunlaşdırılmayıb.
Nəşr yazır ki, səfər Ermənistanın Baş naziri Nikol Paşinyana – onun rəhbərlik etdiyi siyasi qüvvənin iyunda keçirilən parlament seçkilərində qazandığı qələbədən sonra yüksək səviyyəli dəstək siqnalı kimi dəyərləndirilir.
Politiconun qiymətləndirməsinə görə, səfər Paşinyan hökumətinin Ermənistanın xarici siyasətində Moskvadan Qərbə doğru dönüşü möhkəmləndirməyə və Avropa Birliyi ilə münasibətləri dərinləşdirməyə çalışdığı bir mərhələdə baş verir.
Nəşrlə söhbət edən AB rəsmilərindən biri qeyd edib ki, Ermənistan Rusiyanın “intensiv və ardıcıl təzyiqi” altındadır və belə bir səfər Yerevana güclü dəstək mesajı ola bilər.
“Bu, Avropanın Ermənistanın yanında olduğuna dair mesaj olacaq” – deyə Politiconun həmsöhbətlərindən biri bildirib.
Nəşr həmçinin qeyd edir ki, mümkün səfər Brüsselün iş gündəliyinə təsir göstərib. Politicoya görə, iyulun 1-nə planlaşdırılan Avropa Komissiyasının kollegiya iclası ləğv edilib, bunun nəticəsində bir sıra qanunvericilik təşəbbüslərinin qəbulu təxirə salınıb və ya dəyişikliyə məruz qalıb.
Nəşrə görə, həmin təşəbbüslər sırasına Avropa Komissiyasının ictimai satınalmalar haqqında aktı, AB rəqabət qaydalarının yenidən baxılması proqramı, habelə müdafiə vahid bazarına, innovasiyaya və heyvandarlığa aid təşəbbüslər daxildir.
Politico xatırladır ki, bu, Ursula fon der Lyayenin iki aydan az müddətdə Ermənistana ikinci səfəri ola bilər.
Avropa Komissiyasının prezidenti may ayında Avropa Siyasi Birliyinin zirvə toplantısında iştirak etmək üçün Yerevanda olmuş, bundan sonra AB-Ermənistan ilk zirvə toplantısında da iştirak etmişdi.







