
“Azərbaycanla Ermənistan sərhədinin delimitasiyası üzrə komissiya yaxın zamanda yaradıla bilər”.
Bunu “RİA Novosti”yə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
Rudenko xatırladıb ki, noyabrın 26-da Rusiya, Azərbaycan və Ermənistan liderləri Rusiyanın məşvərət dəstəyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üçün ikitərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər:
“Ondan çıxış edirik ki, bu, tez bir zamanda baş verəcək. Bu razılaşmanın həyata keçirilməsi yolunda ən yüksək səviyyədə heç bir keçilməz maneə görmürük”.
Rusiya nazirinin müavini qeyd edib ki, Rusiya ötən may ayında Azərbaycan-Ermənistan sərhədinin ayrı-ayrı hissələrində gərginliyin artdığı vaxtlardan vasitəçi kimi çıxış edib və Azərbaycan və Ermənistan arasında müvafiq danışıqlar prosesinin işə salınmasında öz köməyini təklif edib.







