
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Antalya Diplomatik Forumu çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündə hər ikisinin ilkin şərt olmadan münasibətlərin normallaşması prosesini davam etdirməyə hazır olduqlarını təsdiqlədiyini bəyan edib.
Mirzoyan bunu görüşdən sonra mətbuat konfransı zamanı deyib.
O, dəvətə görə nazir Çavuşoğluya təşəkkür edib: “Düşünürəm ki, dəvət kifayət qədər müsbət mesaj idi və mən o mesaja müsbət cavab verməyi zəruri hesab etdim. Görüşümüz zamanı biz hər iki tərəfin heç bir ilkin şərt olmadan münasibətlərin qurulması və sərhədlərin açılması üçün nizamlanma prosesini davam etdirməyə hazır olduğunu təsdiqlədik”, – Mirzoyan bildirib.
O, Ermənistan və Türkiyə nümayəndələrinin bu istiqamətdə iş apardığını qeyd edərək, müsbət nəticələrin yaxın gələcəkdə görünəcəyinə ümid etdiyini bildirib.
“Mən şadam ki, regionun bütün xalqları, bütün dövlətlər bizim regionda sülh və sabitlik yaratmağa çalışırlar. Ermənistan bölgədə sülhün bərqərar olmasında qərarlıdır”, – Mirzoyan yekunlaşdırıb.







