
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşyev bəyan edib ki, Azərbaycanda ABŞ tərəfindən maliyyələşdirilən bioloji laboratoriyalar var. Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi aprelin 27-də bildirib.
Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) Azərbaycanda üçüncü ölkənin maliyyə dəstəyi ilə bioloji silahlar üzrə elmi tədqiqatlar aparan mərkəzlərin fəliyyət göstərməsi ilə bağlı Rusiya tərəfindən səslənən iddiaların əsassız olduğunu bildirib:
“Son zamanlar Azərbaycanda guya üçüncü ölkələrin maliyyə dəstəyi ilə bioloji silahlar üzrə elmi tədqiqatlar aparan mərkəzlərin fəaliyyət göstərməsi barədə bir neçə dəfə, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində Rusiya Federasiyasının təmsilçiləri tərəfindən müəyyən fikirlər səsləndirilmişdir”.
DTX bildirir ki, Azərbaycanda belə elmi mərkəzlər heç vaxt fəaliyyət göstərməyib, o cümlədən ölkə əhalisinin və ya qonşu dövlətlərin vətəndaşlarının sağlamlığına zərər vura biləcək hər hansı tədqiqatlar aparılmayıb.







