“Siz nəzarət altındasınız”: Azərbaycan hakimiyyəti KİV-i və sosial şəbəkə istifadəçilərini susdurur

Azərbaycan hakimiyyəti mediada və sosial şəbəkələrdə, xüsusən də ölkənin Silahlı Qüvvələri ilə bağlı məsələlərdə fərqli fikirlərə, müxtəlif mövzuların işıqlandırılmasına son qoymaq üçün tədbirlər görməkdə davam edir. O cümlədən, dünən Azərbaycan Baş Prokurorluğu “Mətbuat azadlığı və sosial şəbəkələrin təsiri altında olan cəmiyyətin informasiya təhlükəsizliyinin təmin edilməsi” adlı konfrans təşkil edib.
Baş prokuror Kamran Əliyev çıxışında bildirdi ki, Azərbaycanda guya medianın inkişafı üçün hər cür şərait yaradılıb. Onun sözlərinə görə, mətbuatda və ya sosial şəbəkələrdə milli təhlükəsizliyə xələl gətirən, müdafiə qabiliyyətini zəiflədən, vətəndaşların hüquqlarını pozan çağırışlar və ya materiallarla bağlı Respublika Prokurorluğu qətiyyətli addımlar atır. Əliyev xəbərdarlıq edib ki, sosial şəbəkələrdə yayılan bütün məlumatlar izlənilir və müvafiq nəticələr çıxarılır.
“Mediada gedən məlumatları diqqətlə izləyirik. Daim çalışırıq ki, istintaq sirrini qorumaq şərti ilə cəmiyyəti məlumatlandıraq. Məqsədimiz ondan ibarətdir ki, bərabər şəraitdə bəzi yaranmış problemlərlə əlaqədar nəticələr əldə etmək üçün fikir mübadiləsi aparaq. Bizim məqsədimiz yaranan bəzi boşluqları aradan qaldırmaqdır. Azərbaycan prokurorluğu dövlətin təhlükəsizliyinə və müdafiə qabiliyyətinə yönələn hərəkətlərlə bağlı qəti addımlar atıb və bundan sonra da atacaq. Biz qanun pozuntularına vaxtında müdaxilə etməliyik. Bəzi xəbərdarlıqlar sosial şəbəkə istifadəçiləri tərəfindən aqressiv qarşılanır”, – deyə o bildirib.
Yeri gəlmişkən, bu foruma yalnız iqtidaryönlü və rəsmi medianın, hakimiyyətlə işləyən QHT-lərin nümayəndələri dəvət olunub. Nisbətən azad media nümayəndələri və media ekspertləri dəvət olunmadığından müxtəlif suallara cavab almaq mümkün olmayıb. Baş Prokurorluğun səlahiyyətlərindən kənarda niyə belə görüşlər təşkil etməsi ilə bağlı media dairələrində müxtəlif suallar yaranır.
Qeyd olunur ki, prokurorluq ölkə Konstitusiyasının 25 və 50-ci maddələrini pozaraq jurnalistləri dost-düşmən bölüb, həmçinin dəvət olunmuş iştirakçıların bir qismini zaldan kənarlaşdırıb. Hadisəni şərh edən media eksperti Ələsgər Məmmədli bildirib ki, ölkə qanunvericiliyində jurnalist etikası və ya peşəkarlıq məsələlərində prokurorluğa heç bir səlahiyyət verilməsə də, prokurorluq bu sahədə özünü nəzarət orqanı kimi aparır, qanunsuz hərəkətlər edir. Onu da əlavə edək ki, Azərbaycan Baş Prokurorluğu kütləvi informasiya vasitələrini və sosial şəbəkə istifadəçilərini mütəmadi olaraq susdurur.
Bu günlərdə bir qrup müxtəlif kütləvi informasiya vasitələrinin nümayəndələri, fəallar və sosial şəbəkə istifadəçiləri xüsusilə Silahlı Qüvvələrdəki korrupsiya və müxtəlif problemlərin işıqlandırılmasına görə prokurorluğa dəvət olunublar. Və burada hərbi bloqer Tofiq Şahmuradovun Facebook səhifəsində “qanunla qadağan olunmuş məlumatların yerləşdirilməsinə” görə cinayət işi başlanıb. Bakı Nizami Məhkəməsi onu 30 sutka həbs edib. Şahmuradov son zamanlar azərbaycanlı generalların korrupsiya əməllərini ifşa edir.







