
Ermənistan və AB yeni, iddialı tərəfdaşlıq proqramı üzərində işə başlamaq qərarına gəliblər. Bu haqda AB-nin Xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borel Brüsseldə Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib.
“Bu qərar əlaqələrimizin yeni strateji mərhələsində qarşılıqlı marağımıza güclü siqnal göndərir və gələcək yol üçün aydın yol xəritəsi və baxışı təmin edəcək”- deyərək əlavə etdi ki, “gələcək məhz bu gündən başlayır”.
Borel Ermənistanın korrupsiyaya qarşı mübarizədə atdığı addımları alqışlayıb və Ermənistanı ayrı-seçkilik, nifrət nitqi və dezinformasiya ilə mübarizədə çətinlikləri dəf etməyə çağırıb.
O, həmçinin Ermənistanı Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsinə 124-cü üzv olması münasibəti ilə təbrik edib və bunu “çox mühüm və cəsarətli qərar” kimi qiymətləndirib.
“Biz həmçinin viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanması variantlarını da müzakirə etdik” – deyərək Borell Ermənistanı bu məsələdə irəliləyiş əldə etmək üçün islahatları aktivləşdirməyə çağırıb.
O, AB-nin Ermənistanın Qara dəniz kabeli layihəsində və digər regional əməkdaşlıq layihələrində iştirakını dəstəkləmək öhdəliyini bir daha təsdiqləyib.
“Bu gün mən Avropa Birliyinin suverenlik, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə əsaslanan sabit və davamlı sülhü dəstəkləməyə tam sadiqliyini bir daha bəyan etməliyəm” – deyərək o, qeyd edib.







