
Avronest Parlament Assambleyası Ermənistan hökumətinin Avropa İttifaqı ilə münasibətləri gücləndirmək qərarını alqışlayıb və Aİ strukturlarını Ermənistanın Avropa istəklərinə necə cavab verməklə bağlı konkret təkliflər hazırlamağa çağırıb.
Bu barədə ER parlamentinin Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Mariya Karapetyan parlamentdə keçirilən mətbuat konfransında Brüsseldə Assambleyanın plenar sessiyasının işinin təfərrüatlarını təqdim edərkən məlumat verib.
Onun sözlərinə görə, qəbul edilmiş qətnamə ilə Avronest Parlament Assambleyası Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinin tez başa çatdırılmasını təşviq edir.
Avronest PA qətnaməsində Aİ-ni Bakı və Yerevanı sülh prosesinə fəal cəlb etməyə, ərazi bütövlüyünün toxunulmazlığını vurğulayaraq hər iki tərəf üçün məqbul olacaq sabit sülh sazişini təmin etməyə çağırır.
Assambleya həmçinin Ermənistan və Azərbaycan arasında nizamlanma prosesinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tezliklə başa çatdırılmasını təşviq edir.







