Smartfon ən azı həftədə bir dəfə söndürülməlidir: NSA

ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) mobil cihazlar üçün artan təhlükəsizlik təhdidləri barədə xəbərdarlıq edib. Telefonu mütəmadi olaraq söndürmək, lazım olduqda Bluetooth-u söndürmək və yalnız etibarlı aksessuarlardan istifadə etmək xüsusi xidmət tərəfindən verilən tövsiyələrdən yalnız bir neçəsidir.
NSA-nın məlumatına görə, mobil qurğular müxtəlif kiberhücumlara, o cümlədən fişinq, zərərli proqram təminatı, dinləmə və uzaqdan girişə qarşı həssasdır.
Qorunmaq üçün NSA istifadəçilərə həftədə ən azı bir dəfə smartfon və planşetlərini söndürməyi və işə salmağı tövsiyə edir. Bununla belə, cihazı söndürmək 100% qorunmaya zəmanət vermir.
NSA ekspertlərinin fikrincə, mobil qurğular üçün təhlükələr yalnız artacaq. Buna görə də istifadəçilər şəxsi və ödəniş məlumatlarını bu gün mobil hakerlik və fişinq alətlərinin böyük arsenalına malik olan hakerlərdən qorumaq üçün fəal tədbirlər görməlidirlər.







