
İyulun 8-də Yekaterinburq şəhərində iqtisadiyyat naziri Gevorg Papoyanın sədrliyi ilə Avrasiya İqtisadi İttifaqının Sənaye Siyasəti Şurasının 6-cı sessiyası keçirilib. Bu barədə Ermənistanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.
“Sənaye sektorunun dəstəklənməsinə, innovasiyaların təşviqinə, texnoloji modernləşməyə və məhsulların rəqabət qabiliyyətinin artırılmasına yönələcək ümumi mexanizmlərin hazırlanması vacibdir”, – Gevorg Papoyan salamlama nitqində deyib.
İclasda 2030-cu ilə qədər Aİİ çərçivəsində sənaye əməkdaşlığının əsas istiqamətləri ilə bağlı müzakirələr aparılıb.
Gündəlikdə duran məsələlər arasında robot texnikasının inkişafı, sənaye robotlarının istehsalı və tətbiqi üzrə dövlətlərarası proqramın işlənib hazırlanması imkanları, eləcə də Aİİ sənaye sahələrində birgə kooperativ layihələrin həyata keçirilməsi zamanı göstərilən maliyyə dəstəyi ilə bağlı məsələlər olub.
İclasın yekunlarına əsasən iclasın protokolu imzalanıb.







