
İran Prezidenti Məsud Pezeşkian Ermənistan hökumətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
İRNA-ya istinadən verilən xəbərdə qeyd olunur:
“Pezeşkian Ermənistanın Baş naziri Nikol Paşinyana və Ermənistan Prezidenti Vahaqn Xaçaturyana ayrı-ayrılıqda təbrik ünvanlayıb.
İran İslam Respublikası Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub və o gündən bu iki ölkə mehriban qonşudur” – deyə İran Prezidenti Ermənistanın Baş nazirinə müraciətində bildirib.
Pezeşkian prezidentə müraciətində ümidvar olduğunu bildirib ki, növbəti illərdə iki dost və qonşu ölkə arasında münasibətlər müxtəlif aspektlərdə dərinləşəcək və bu, hər iki ölkənin xalqına fayda verəcəkdir.
Pezeşkian həmçinin İran və Ermənistan arasında getdikcə inkişaf edən möhkəm və sabit münasibətlərdən sevinc duyduğunu bildirib.







