
Rusiyanın baş naziri Mixail Mişustin oktyabrın 1-də Ermənistana işgüzar səfərdə olacaq. Bu barədə TASS Rusiya hökumətinin mətbuat xidmətinə istinadən bildirir.
Rusiya Federasiyasının Baş naziri Avrasiya Hökumətlərarası Şurasının 40-cı sessiyasında və Avrasiya İqtisadi Forumunun plenar iclasında iştirak edəcək.
Qeyd olunur ki, Mişustin Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandan olan həmkarları ilə “Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiyanın dərinləşdirilməsinin cari məsələlərini” müzakirə edəcək. İclasda daxili bazarın fəaliyyətinə, sənaye, nəqliyyat, gömrük-tarif, kənd təsərrüfatı və enerji sektorlarında qarşılıqlı əlaqənin inkişafına xüsusi diqqət yetiriləcək.
Hökumətlərarası Şuranın iclasında Aİİ müşahidəçi ölkələrinin, Kuba və Özbəkistanın nümayəndələri, həmçinin dəvət olunmuş qonaqlar iştirak edəcəklər.
Bundan başqa hökumət başçıları Avrasiya İqtisadi İttifaqı çərçivəsində 2030-cu ilə qədər sənaye əməkdaşlığının əsas istiqamətlərini də nəzərdən keçirəcəklər.
Payız iclasları ənənəvi olaraq Ermənistanda keçirilir və Mişustin 2020-ci ildə baş nazir təyin olunduqdan sonra hər il iclaslarda iştirak edir. Şuranın sonuncu sessiyası iyun ayında Nesvijdə (Belarus) keçirilib.







