
Argentina hökuməti Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-29) Tərəflərin 29-cu Konfransında ölkə nümayəndə heyətinə Bakını tərk etməyi tapşırıb. Bu barədə “La Nacion” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, Ətraf Mühitin Mühafizəsi Katibliyi tərəfindən konfransa göndərilən argentinalı ekspertlər konfransın ilk iki günündə iştirak ediblər, lakin sonradan tədbiri tərk etmək əmri verilib. “Xarici İşlər Nazirliyi geri qayıtmaq barədə göstəriş verib”, – idarədən qəzetə bildirilib.
2023-cü ilin dekabrında vəzifəyə başlayan Argentina prezidenti Xavyer Miley dəfələrlə iqlim dəyişikliyinə insanın təsirinin sübuta yetirildiyinə inanmadığını bildirib və Argentina diplomatlarına BMT-nin 2030-cu ilədək Davamlı İnkişaf Gündəliyini dəstəkləməyi qadağan edib.







