
Fransa Xarici İşlər Nazirliyi bildirir ki, noyabrın 19-da Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Bakıda keçirilən COP29 BMT-nin İqlim Konfransı zamanı Azərbaycan hakimiyyətinin Fransa və Avropaya verdiyi “qəbuledilməz bəyanatlar”la əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb.
“Bu, Azərbaycan hakimiyyətinin COP29 çərçivəsində Fransaya və avropalılara verdiyi qəbuledilməz bəyanatlarla bağlıdır, buna görə Fransanın ekoloji keçid naziri Aynes Panye-Runaşer BMT-nin iqlim konfransında iştirakını ləğv etməli olub. Azərbaycanın düşmənçilik hərəkətləri dayandırılmalıdır”, – Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
İlham Əliyev noyabrın 14-də Bakıda COP29 çərçivəsində kiçik adaların liderləri ilə görüşü zamanı Fransa və Hollandiyanı iqlim dəyişikliyi ilə əlaqələndirərək “neokolonializm”ə görə tənqid edib. Azərbaycan prezidenti Fransanın öz dəniz hüdudlarından kənar ərazilərində “ekoloji deqradasiyaya” səbəb olduğunu iddia edib və bu əraziləri “müstəmləkə” adlandırıb. O, Avropa Parlamentini və Avropa Şurasını “siyasi korrupsiyanın simvoluna” çevrilməkdə ittiham edib.







