
Səbail Rayon Məhkəməsi politoloq və Sülh Hərəkatının fəalı Baxruz Səmədovun barəsində seçilmiş qətimkan tədbirinin – ev dustaqlığına buraxılma ilə bağlı vəsatətini müzakirə edib.
Məhkəmə fəalın vəsatətini təmin etməyib və onun barəsində əvvəl seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılıb” – deyə “Amerikanın Səsi”nin Azərbaycan xidmətində bildirilir.
Fəal məhkəmə binasından çıxarılarkən, “Yaşasın sülh və birgəyaşayış! Yaşasın azərbaycanlı və erməni xalqlarının qardaşlığı!” şüarını səsləndirib.
Bəhruz Səmədovun vəkili Zibeydə Sadıqova bildirib ki, onlar məhkəməyə fəalın daimi yaşayış yerinin olduğunu və onun ahıl nənəsinə qayğı göstərdiyini bildiriblər:
“Bəhruz nənəsi ilə birgə yaşayır, o da kifayət qədər yaşlıdır. Yaşı və sağlamlıq durumu ilə əlaqədar olaraq, nənəsi Dövlət Təhlükəsizlik Xidmətinə, harada ki Bəhruz saxlanılır, gedə bilmir, amma telefon vasitəsilə ünsiyyət saxlayırlar.
Nənəsi onun qayğısına ehtiyac duyur. Biz bu arqumenti irəli sürdükdə isə deyirlər ki, guya Baxruz ölkədə yaşamayıb. Amma indi vəziyyət başqadır. Baxruz artıq həbsdədir, bu isə nənəsinin səhhətinə mənfi təsir edir, elə hallar olur ki, təcili yardım çağırmalı oluruq.”
Vəkilin sözlərinə görə, fəalın özü məhkəmədə bildirib ki, heç bir yerə qaçmaq və ya gizlənmək niyyətində deyil və istintaqın davam etdirilməsində maraqlıdır.
“Biz həmçinin tələb edirik ki, təsdiq edilsin ki, Bəhruz Səmədov heç bir cinayət törətməyib. Biz fəalın qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istədik. Bəhruz özü də nənəsi üçün narahatdır. Amma təəssüf ki, məhkəmə bunu etmədi.
O, bizim xahişimizi nəzərə almadan qərarını qüvvədə saxladı” – deyə vəkil əlavə edib.
Sadıqova bildirib ki, onlar məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklər.
Politoloq 2023-cü il avqustun 21-də həbs olunub. Həmin ilin avqustun 23-də Səbail Rayon Məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham edərək Bəhruz Səmədovu 4 aylıq ilkin həbsə məhkum edib.
Keçən ilin dekabr ayında fəalın barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti martın 9-dək uzadılıb.
Bəhruz Səmədov OC Media və Bakı Araşdırmalar İnstitutunun müəllifidir. O, Azərbaycan hökumətini tənqid edən məqalələri və Qarabağ münaqişəsi ilə bağlı sülh tərəfdarı mövqeyi ilə tanınır ki, bu da onun həbs olunmasına səbəb olub.







