
Avropa Parlamentinin deputatı Natali Luazo Ermənistanın Avropa İttifaqına üzv olmaq istəyini təəccüblü hesab etmir. O, bildirir ki, Ermənistan sülh, demokratiya və islahatlar yolunu seçdiyi üçün bu istək başadüşüləndir.
Deputat vurğulayıb ki, əgər Ermənistan AB-nə üzvlüklə bağlı namizədliyini rəsmən təqdim edərsə, o, AB-nin müsbət cavabını dəstəkləyəcək.
Avropa Parlamentinin deputatı bu fikirləri “Armenpress” müxbirinə müsahibəsində ifadə edib. O, yanvarın 9-da Ermənistan hökumətinin qəbul etdiyi, “Avropa Birliyinə Ermənistan Respublikasının üzvlük prosesinin başlanması haqqında” qanun layihəsinə dair qərarına münasibət bildirib.
“Avropa Birliyinin modeli çox cəlbedicidir. Avtoritar rejimlərin beynəlxalq qaydalara əsaslanan sistemə hücum etdiyi bir dövrdə, AB, bütün qüsurlarına baxmayaraq, demokratiya və qanunun aliliyi üçün bir mayak kimi parlayır.
Ermənistanın AB-nə qoşulmaq istəməsi təəccüblü deyil, çünki bu ölkə sülh, demokratiya və islahatlar yolunu seçib. Əgər Ermənistan namizədliyini rəsmən təsdiqləsə, mən AB-nin müsbət cavabını dəstəkləyəcəyəm” – deyə Natali Luazo qeyd edib.
Deputat Ermənistan hökumətinin bu qərarını düzgün hesab edib-etmədiyi və bunun mümkün nəticələrinə dair suala cavab verərkən vurğulayıb ki, Brüssel heç bir ölkəni AB-nə qoşulmağa və ya onun üzvlüyündə qalmağa məcbur etməyib. Ermənistan isə suveren ölkədir və öz xalqının maraqlarını qorumaq üçün lazım bildiyi qərarları qəbul edir.
“Ermənistan suveren bir dövlətdir. Yerevan öz xalqının maraqlarını qorumaq üçün lazımlı qərarlar qəbul edir. Avropa İttifaqı heç bir ölkəni nə qoşulmağa, nə də üzvlükdə qalmağa məcbur etməyib.
Kaş ki keçmiş SSRİ və indiki Rusiya Federasiyası da digər ölkələrin müstəqilliyinə və suverenliyinə bizim göstərdiyimiz hörmətdən ilham ala biləydi” – deyə Natali Luazo əlavə edib.
Qeyd edək ki, yanvarın 9-da Ermənistan hökuməti “Avropa Birliyinə Ermənistan Respublikasının üzvlük prosesinin başlanması haqqında” qanun layihəsini təsdiq edib.
Layihə yaxın vaxtlarda Ermənistan parlamentində də müzakirə ediləcək.







