BaşlıcaEkonomika

Dünya Bankı Ermənistanda 1,7 milyard dollar sərmayə qoyacaq

Dünya Bankı Qrupunun İcraçı Direktorlar Şurası Ermənistan üçün yeni beşillik tərəfdaşlıq çərçivəsini təsdiq edib.

Bankın mətbuat xidmətindən bildirilib ki, proqramın məqsədi yoxsulluğun azaldılması, iş yerlərinin yaradılması və dayanıqlığın artırılmasına töhfə verməkdir.

Qeyd olunub ki, Ermənistan son illərdə inkişaf sahəsində əhəmiyyətli uğurlar əldə edib.

Buna baxmayaraq, infrastruktur boşluqları, daxili və xarici investisiyaların aşağı səviyyədə olması və yüksək işsizlik səviyyəsi iqtisadi artımın əsas problemləri olaraq qalır.

Ermənistanda təhsil və səhiyyə sahələrində qeyri-bərabər nəticələr məşğulluq və məhsuldarlıq baxımından məhdudiyyətlər yaradır.

Sosial müdafiə sistemi böhran zamanı həssas qrupları daha yaxşı müəyyənləşdirmək və onlara dəstək vermək üçün islahatlara ehtiyac duyur.

Ermənistan həmçinin zəlzələ riski ilə üzləşir və iqlim dəyişikliyinin nəticələrinə qarşı daha həssas vəziyyətə gəlir.

Yeni strategiyanın məqsədi yeni və keyfiyyətli iş yerləri yaratmaq, səhiyyə sisteminə çıxışı genişləndirmək və sosial müdafiəni yaxşılaşdırmaqla insan kapitalını gücləndirməkdir.

“Biz iş yerlərinin yaradılmasına, insan kapitalına və dayanıqlığa diqqət yetirməklə ermənilərin həyatını yaxşılaşdırmağı və ölkənin gələcək problemlərinin öhdəsindən gəlməsinə kömək etməyi hədəfləyirik” – deyə Dünya Bankının Ermənistan üzrə idarəsinin  direktoru Kerolayn Qeqinat bildirib.

Yeni strategiyanın həyata keçirilməsi Dünya Bankı Qrupunun strukturları, o cümlədən Yenidənqurma və İnkişaf Beynəlxalq Bankı (YİBB) və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) ilə sıx əməkdaşlıq nəzərdə tutur.

Yenidənqurma və İnkişaf Beynəlxalq Bankı qarşıdakı beş ildə təxminən 1 milyard ABŞ dolları məbləğində maliyyələşdirmə gözləyir, Beynəlxalq Maliyyə Korporasiyası isə 700 milyon ABŞ dollarına qədər sərmayə qoymağı planlaşdırır.

Daha çox göstər
Back to top button