AŞ PA Azərbaycana çağırış edib: Hesabatda erməni hərbi əsirlərlə bağlı da məqam var

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) 2024-cü ildə üzv ölkələrdəki vəziyyətə dair qəbul etdiyi qətnamədə Azərbaycanda və Gürcüstanda demokratiyanın geriləməsi və insan hüquqları ilə bağlı problemlərdən narahatlıq ifadə olunub.
Sənədin Azərbaycana aid hissəsində Bakıda saxlanılan hərbi əsirlərlə bağlı məsələyə də toxunulub.
Ermənistana gəldikdə, Assambleya Yerevanın təhlükəsizlik problemlərinə baxmayaraq, demokratik inkişaf yolunda sədaqətini yüksək qiymətləndirib.
AŞ PA yeni qətnaməsi ilə Azərbaycana çağırış edərək, Bakıda saxlanılan Qarabağın keçmiş siyasi-hərbi rəhbərlərini və digər hərbi əsirləri azad etməyə çağırıb. Bildirilib ki, qurum vəziyyəti izləməyə davam edir.
Strasburqda çıxış edən erməni parlamentarilər, yeni dünya düzənində demokratiyaya zidd olan və qəbuledilməz olan yanaşmaları tənqid edərək, güc tətbiqi və ya güc təhdidinin hüquq yarada bilməyəcəyini vurğulayıblar.
AŞ PA-dakı Ermənistan nümayəndə heyətinin üzvü, “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamijanyan Qarabağda etnik təmizləmələrdən və Bakıda təşkil olunan qurama məhkəmələrdən danışıb.

“Dağlıq Qarabağ əhalisi beynəlxalq hüququn gücünə inanırdı. Yeni dünya düzəni dəyərlərə və qanunlara əsaslanmalıdır, neftə və geosiyasi maraqlara yox.
Dünyada elə bir qanun yoxdur ki, Bakıda ermənilərin həbsini və alçaldılmasını əsaslandırsın. Dünyada elə bir qanun yoxdur ki, Qarabağın erməni əhalisinin öz vətənlərindən zorla çıxarılmasını doğrultsun.
Dünyada elə bir qanun yoxdur ki, Azərbaycanın hər gün təcavüz, hədələr və nifrət mühiti yaratmasını əsaslandırsın” – deyə o, bildirib.
AŞ PA-dakı Ermənistan nümayəndə heyətinin üzvü Vladimir Vardanyan beynəlxalq hüququn olmamasının yaratdığı təhlükələrə toxunaraq, “insani siması olan” beynəlxalq hüquqa qayıdış çağırışı edib.
“Biz elə bir vəziyyətdə qalmışıq ki, təəssüf ki, müharibə son çarə deyil. Müharibə artıq problemlərin həllində ilk vasitəyə çevrilib. Biz irəli getməliyik və beynəlxalq hüququn və BMT sisteminin əsaslarına qayıtmalıyıq.
Çünki beynəlxalq hüququn inkişafının yeganə məntiqi yolu budur. Əgər beynəlxalq hüququn qaydaları yoxdursa, dünyada heç bir inkişafdan danışmaq mümkün deyil.
Əgər sistem korrupsiyalaşıbsa, nə sərhədlər, nə qaydalar, nə də irəliləmək imkanı olacaq. Əgər eyni yanaşma davam edərsə, nə ərazilərin, nə insanların, nə də suverenlik prinsipinin artıq heç bir əhəmiyyəti olmayacaq.
Biz “insani siması olan” beynəlxalq hüquq qurmalıyıq”, – deyə o vurğulayıb.

Bakıda təşkil olunan qurama məhkəmələrin təkcə erməni xalqı üçün faciə deyil, həm də Avropa Şurası üçün bir rüsvayçılıq olduğunu bildirən Ermənistan parlamentinin AŞ PA-dakı nümayəndə heyətinin üzvü, “Hayastan” fraksiyasından deputat Armen Gevorkyan, Azərbaycanın Avropa Şurasının əsas dəyərlərini pozaraq cəzasız qaldığını qeyd edib.

“Bakı rejimi öz xalqını sivilizasiyadan təcrid edərək, millətçi ekstremizm üzərində qurulmuş orta əsrlər tipli avtoritar bir sistem yaradır.
Ədalət anlayışı öz vətəndaşları üçün belə mövcud olmayan bir dövlətdə, ermənilər üçün ədalətli məhkəmə ola bilməz. Nazirlər Komitəsi bu biabırçı prosesi necə dayandıra bilər?”– deyə deputat, AŞ PA Nazirlər Komitəsinin sədri Xavier Bettelə sual ünvanlayıb.
Avropalı rəsmilər vurğulayıblar ki, AŞ üzvü olan hər bir ölkə Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına riayət etməlidir və bu prosesə nəzarət Nazirlər Komitəsi tərəfindən həyata keçirilir.
“Konvensiya bizim fəaliyyətimizin əsasını təşkil edir. Əgər ona riayət olunmursa, əgər AİHM qərarları icra olunmursa, onda məhkəməyə müraciətlər edilir. Unutmayaq ki, biz bu problemlə əvvəl də qarşılaşmışıq” – deyə Xavier Bettel bildirib.

Armen Gevorkyan Avropa qurumunda narahatlığını ifadə edib ki, Azərbaycan prezidenti Ermənistanla sülh müqaviləsi imzalamaqda maraqlı deyil.
Deputatın fikrincə, Əliyevin və onun tərəfdarlarının ekspansiya yolu ilə irəlilədiklərini sübut edən faktlar “Zəngəzur dəhlizi”, “Qərbi Azərbaycan” narrativləri və Ermənistan ərazilərinə qarşı konkret strateji iddiaları əks etdirən digər tələblərdir.
Azərbaycan isə özünü cəzasız hiss edir, çünki Avropanın bir sıra ölkələri Bakıdan neft və qaz alır. Erməni nümayəndələr beynəlxalq ictimaiyyəti və AŞ PA-nı ədalətli və dayanıqlı sülhün təmin olunması üçün real səylər göstərməyə çağırırlar.
AŞ PA-nın qətnaməsinin qəbul edilməsi və müzakirələr Azərbaycanın nümayəndə heyəti olmadan baş tutub. 2024-cü il yanvarın 24-də AŞ PA Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməmək qərarına gəlib.
Bu, qurumun analoji qərarlarının tarixində presedentsiz bir hadisə olub. Səbəblər arasında Laçın dəhlizinin bloklanması və bunun ciddi nəticələri də qeyd olunub.
Bu qərardan sonra Azərbaycan Xarici İşlər Nazirliyi AŞPA-nın 76 üzvünü “persona non grata” elan edib. AŞ PA və Azərbaycan arasındakı qarşıdurma hələ də davam edir.
Avropa platformalarından çağırışlar və tələblər səsləndiyi bir vaxtda, Azərbaycan Prezidenti “Zəngəzur dəhlizi” haqqında danışmağa davam edir.
Nəqliyyat infrastrukturu ilə bağlı müzakirələr zamanı bir dəqiqə ərzində bir neçə dəfə bu ifadəni işlədib.

Siyasətşünas Armen Vardanyanın fikrincə, bunun izahı var.
“Onlar bir zamanlar böyük ümidlər bəsləyirdilər ki, məğlub olmuş və “onurğası qırılmış” Ermənistan bu dəhlizi açacaq.
Mən xatırlayıram ki, 2021-22-ci illərdə Əliyev elə bir tonda danışırdı ki, guya Ermənistanın artıq başqa yolu qalmayıb. O bildirirdi ki, çünki “Ermənistan Dəmir Yolları” Rusiya tərəfinin konsessiya idarəçiliyinə verilib, bu məsələnin həlli üçün Ermənistanla heç bir razılaşma əldə etməyə ehtiyac yoxdur, Rusiyayla danışıqlar aparmaq kifayətdir.
Müşavirə zamanı Əliyev bildirdi ki, dəmir yolunun 60%-i artıq tikilib və bu, təxminən 420 km uzunluğunda bir marşrutdur, bu layihəyə kifayət qədər böyük məbləğdə vəsait xərclənib.
İndi isə onlar fakt qarşısında qalıblar. Ermənistan tərəfi onların şərtləri əsasında dəhliz verməkdən imtina edir və buna görə də, zaman-zaman psixoloji təzyiq göstərməyə çalışırlar. Burada təkcə Əliyevi yox, Rusiya tərəfini də nəzərdə tuturam”.
Siyasətçinin fikrincə, bu cür addımlarla 9 noyabr üçtərəfli bəyanatının 9-cu bəndini həyata keçirmək istəyirlər. Amma bu, az ehtimal olunan bir məsələdir. Yolların açılması və nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı Ermənistan hökuməti “Sülh kəsişməsi” layihəsini irəli sürür.







