Azərbaycanda bələdiyyə seçkilər: pozuntular, seçki məntəqələrində aşağı fəallıq və jurnalistlərin hüquqlarının məhdudlaşdırılması

Yanvarın 29-da Azərbaycanda keçirilən bələdiyyə seçkiləri pozuntular, seçki məntəqələrində aşağı fəallıq və jurnalistlərin hüquqlarının məhdudlaşdırılması ilə yadda qalıb.
Bakıdakı seçki məntəqələrində seçkiləri izləyən müstəqil müşahidəçilərin verdiyi məlumata görə, səs verən, demək olar ki, yoxdur və bu, seçicilərin sayının ən az olduğu seçkilərdir, Turan bildirir.
Keçirilən bələdiyyə seçkilərində bəzi məntəqələrdə jurnalistlərin və müşahidəçilərin çəkiliş aparmasına imkan verilməməsi ilə bağlı şikayətlər var. 15 saylı Yasamal birinci seçki dairəsinin 10 və 37 saylı məntəqələrində AzadlıqRadiosunun əməkdaşının da çəkiliş aparmasına icazə verilməyib. Həmin dairənin 37 saylı seçki məntəqəsində onlara deyilib ki, “siz media subyekti deyilsiniz, akkreditasiyadan keçməmisiz”.
15 saylı Yasamal birinci seçki dairəsinin 33 saylı seçki məntəqəsində də eyni durum yaranıb, çəkilişə icazə verilməyib, üstəlik, jurnalist polislə təhdid edildiyini söyləyir.
Onlardan başqa, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 28 saylı seçki məntəqəsində də çəkiliş aparmaq istəyən jurnalist problemlərlə üzləşib.
Nəsimi Bələdiyyə Şurasının üzvlüyünə namizəd, fəal Cəmilə Əlişova bildirib. O, öz Facebook hesabında seçki məntəqələrindəki veb-kameralardan eyni insanların Nəsimi-Səbail Seçki Dairəsinin yan-yana yerləşən həm 12, həm 13, həm 28, həm də 29 saylı seçki məntəqələrində səs verdiklərini əks etdirən görüntüləri paylaşıb. 14 məntəqədə bülletenlərin qalaq-qalaq qutuya atılması qeydə alınıb.







