
Belçikanın yeni federal hökuməti Azərbaycana çağırış edərək Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsiz geri dönüşünü təmin etməyə səsləyir. Bu barədə hökumətin proqramında qeyd olunub.
Brüsseldə jurnalistimizin verdiyi məlumata görə, 236 gün davam edən danışıqlardan sonra yeni federal hökumətin formalaşdırılması ilə bağlı razılıq əldə olunub.
Gələcək Baş nazir Bart De Veverin rəhbərliyi altında qurulan sağçı yeni Belçika hökumətinin proqramı 200 səhifəlik bir sənəddir və orada bütün federal sahələr – vergi siyasəti, məşğulluq və işsizlik, pensiya sistemi, təhlükəsizlik, immiqrasiya, hərəkətlilik, iqlim, müdafiə və xarici siyasət yer alır.
Proqramda Cənubi Qafqaza da toxunulub. Yeni hökumətə görə, Cənubi Qafqaz Avropanın daha böyük diqqətinə layiqdir.
“Bu strateji əhəmiyyətli regionla təkcə dərin mədəni əlaqələrimiz yoxdur, həm də gələcək enerji təchizatımız və Asiyaya aparan nəqliyyat dəhlizi baxımından mühüm rol oynayır.
Gərgin münasibətlər və davam edən münaqişələr, xüsusilə Ermənistan və Azərbaycan arasındakı vəziyyət Avropa və Belçikanın hədəfli yanaşmasını tələb edir.
Biz açıq şəkildə tərəflərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsini tələb edirik və Azərbaycana Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsiz geri qayıdışını təmin etməyə çağırırıq.
İqtisadi, siyasi və humanitar əməkdaşlığın davam etdirilməsi ilə biz regionun sabitliyinə töhfə veririk” –deyə Belçikanın yeni hökumətinin siyasi proqramında vurğulanıb.
Belçikanın yeni hökuməti 2029-cu ilə qədər ölkəni idarə edəcək, əgər yeni böhran yaşanmazsa və hökumət dağılmazsa.







