
Azərbaycan Milli Məclisinin sədri müavini Ziyafət Əsgərovun iddiasına cavab olaraq Ermənistan parlamentinin sədri müavini Ruben Rubinyan “Azadlıq” radiosuna bildirib ki, Ermənistan-Azərbaycan sülh müqaviləsində “Zəngəzur dəhlizi” və Ermənistan Konstitusiyası ilə bağlı belə bəndlər müzakirə edilmir.
“Bu, tamamilə gerçəkliyə uyğun deyil. Baş nazir Nikol Paşinyanın açıq şəkildə qeyd etdiyi kimi, hələ uyğunlaşdırılmamış iki bənddən biri sərhəddə üçüncü tərəflərin yerləşdirilməsi mövzusuna, digəri isə bir-birimizə qarşı beynəlxalq hüquq strukturlarında irəli sürülən iddialar mövzusuna aiddir. Bunu rəsmi Bakı da təsdiq edib” – deyə Rubinyan bildirib.
Azərbaycanın “Trend” informasiya agentliyinə görə, Azərbaycan Milli Məclisinin sədri müavini Ziyafət Əsgərov daha əvvəl bildirib ki, “Sülh müqaviləsinin 17 bəndindən 15-i razılaşdırılıb. Razılaşdırılmamış iki bənddən biri Zəngəzur dəhlizinin açılması, ikincisi isə Ermənistan Konstitusiyasında əksini tapmış ərazi iddiaları ilə bağlıdır”.
Lakin keçən ilin sonunda özü Prezident İlham Əliyev bildirmişdi ki, İrəvan və Bakı hələ sülh müqaviləsinin mətnində bir-birinə qarşı beynəlxalq iddialardan əl çəkmək və sərhəddə üçüncü ölkələrin nümayəndələrini yerləşdirməmək bəndləri ilə bağlı razılığa gələ bilməyiblər.
Keçən ilin yayında isə Azərbaycanın baş müzakirəçilərindən biri, xüsusi vəzifəli səfir Elçin Əmirbəyov açıqlamışdı ki,Yerevan və Bakı rabitə yolları məsələsini yalnız sülh müqaviləsinin imzalanmasından sonra həll etmək barədə razılığa gəliblər”.







