
Avropa Birliyi müttəfiqlərin müdafiəsini dəstəkləmək məqsədilə yaradılmış Avropa Sülh Fondundan Ermənistana əlavə 10 milyon avro həcmində qeyri-hücum xarakterli yardım ayırmağı nəzərdən keçirir.
Alınan məlumata görə, bu barədə “Azadutyun” Brüsseldəki mənbələrinə istinadən xəbər verir.
Bildirilir ki, AB-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas bu təkliflə AB Şurasına müraciət edib və yaxın həftələrdə məsələ müzakirəyə çıxarılacaq.
Lakin müzakirənin konkret tarixi hələ ki, bəlli deyil.
Təklif qüvvəyə minməsi üçün AB-nə üzv olan 27 ölkənin hamısı bunu təsdiqləməlidir. Keçən il, məsələn, Macarıstan bu yardımı bloklamış və proqram çərçivəsində Azərbaycana da yardım ayrılmasını tələb etmişdi.
Bir neçə həftə davam edən qapalı danışıqlardan sonra Avropa diplomatları o zaman Budapeştin müqavimətini aşmağı bacarmışdılar.
Hazırda Budapeşt və digər üzv ölkələrin bu məsələyə münasibətinin necə olduğu isə dəqiq məlum deyil.
Ermənistan ötən il ilk dəfə Avropa İttifaqının Sülh Fondundan 10 milyon avro məbləğində yardım alıb.
Diplomatik sənədlərdə qeyd olunurdu ki, məqsəd Ermənistan Silahlı Qüvvələrinin dayanıqlılığını artırmaq və böhranlar, fövqəladə hallarda dinc əhalinin daha yaxşı müdafiəsini təmin etmək üçün sabitlik gücləndirən imkanlarını inkişaf etdirməkdir.
Avropa Birliyinin Sülh Fondu 2021-ci ildə dünyada münaqişələrin qarşısını almaq və ehtiyacı olan ölkələrə ölümcül olmayan silahlar tədarük etmək üçün yaradılıb.







