
“Düşünürəm ki, birinci və ən vacib səbəb amerikalıların həqiqətən də kürd qüvvələrinin rəhbərliyinə artıq onlara dəstək verməyəcəklərini bildirməsidir.
Məlum olub ki, razılaşmanın imzalanmasından əvvəl kürd hərəkatının liderləri ABŞ qüvvələrinin komandanı ilə görüşüblər. Yəqin ki, həmin görüş zamanı onlara Suriya mərkəzi hakimiyyəti ilə razılığa gəlmələrinin vacibliyi deyilib” – bu barədə martın 11-də türkiyəşünas Ruben Safrastyan jurnalistə verdiyi müsahibəsində bildirib.
O, kürdlərin Suriya hakimiyyəti ilə razılığa gəlməsinin səbəbi barədə sualı cavablandırarkən qeyd edib ki, bunu Yaxın Şərqdə baş verən mühüm geosiyasi hadisələrlə əlaqələndirir.
“Mənim fikrimcə, amerikalılar Yaxın Şərqdə, xüsusilə də Suriyada iştiraklarını azaltmağa hazırlaşırlar. Görünür, onlar Türkiyəyə bu boşluğu doldurmaq üçün imkan yaratmaq istiqamətində addımlar atırlar”– deyə Safrastyan bildirib.
Onun sözlərinə görə, Türkiyə Yaxın Şərqdə təsirini artırmaq imkanı əldə edir.
“Türkiyə, əlbəttə ki, Suriyada vəziyyətin mərkəzi hakimiyyət tərəfindən nəzarət olunmasını istəyir. Çünki həmin hakimiyyət əslində Türkiyənin təsiri altında olan bir qurumdur.
Hökumət üzvlərinin böyük əksəriyyəti Türkiyə ilə əlaqəlidir. Türkiyənin məqsədi odur ki, Suriya hakimiyyəti mümkün qədər güclü nəzarət mexanizmi qursun ki, ölkənin ərazi bütövlüyü qoruna bilsin”– deyə o, bildirib.
Safrastyanın fikrincə, Türkiyənin strateji planları var və onların əsas mahiyyəti ondan ibarətdir ki, Suriya Türkiyənin nəzarətində olan böyük bir dövlətə çevrilsin. Bu isə Türkiyənin Yaxın Şərqdə mövqelərini daha da gücləndirəcək.







