BaşlıcaSiyasət

Məcid Təxt Rəvançi:   “Biz qonşu ölkələr arasında sərhədlərin hər hansı dəyişdirilməsini qəbul etmirik”

“İran və Ermənistan qonşu ölkələrdir və İran İslam Respublikasının xarici siyasətinin prioritetlərindən biri bütün qonşuları, o cümlədən Ermənistanla münasibətlərin genişləndirilməsidir”.

Bu haqda İranın Xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi İctimai televiziyaya müsahibəsində bildirib.

“Ermənistan dost ölkədir və bizim onunla həmişə yaxşı münasibətlərimiz olub. İranla Ermənistan arasında tarixi və mədəni ümumiyyətlər mövcuddur.

Bildiyiniz kimi, Ermənistan əhalisi İranda yaşayan ermənilərlə yaxşı əlaqələr saxlayır. Buna görə də bir çox birləşdirici amillərə malikik və müxtəlif sahələrdə münasibətlərimizi gücləndirməyə çalışmalıyıq.

Qonşu ölkələr olaraq, ticarət, mədəniyyət və rəsmi səviyyədə əlaqələrdən yaxşı şəkildə istifadə edirik” – deyə o, vurğulayıb.

Məcid Təxt Rəvançi qeyd edib ki, İranın Xarici İşlər naziri bir neçə gün əvvəl Yerevanda  olub və bu, iki ölkənin münasibətləri genişləndirmək üçün bütün imkanlardan istifadə etdiyini göstərir.

“Biz müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək baxımından heç bir çətinlik görmürük. Əməkdaşlıq sahələri çoxçeşidlidir və inanırıq ki, onları dərinləşdirmək üçün böyük potensial var” – deyə o, əlavə edib.

Cənubi Qafqaz regionunda İranın xarici siyasətinin prioritetləri və “qırmızı xətləri” ilə bağlı suala cavab verən İranın Xarici İşlər nazirinin müavini bildirib:

“Biz bütün qonşu ölkələrlə ən yaxşı münasibətlər qurmaq istəyirik. Bütün ölkələrlə, o cümlədən qonşularımızla münasibətlərdə müəyyən prinsiplərə əməl edirik.

İran üçün hər bir ölkənin ərazi bütövlüyünə və suverenliyinə hörmət əsas prinsipdir. Biz qonşu ölkələr arasında sərhədlərin hər hansı dəyişdirilməsini qəbul etmirik.

Buna görə də, bu prinsiplərə əməl edildiyi təqdirdə, bütün qonşularla yaxşı münasibətlər qura biləcəyimizə inanırıq.

Həmçinin hesab edirik ki, bu, hər hansı iki qonşu arasında müsbət münasibətlər üçün zəruridir”.

Daha çox göstər
Back to top button