
Asiya İnkişaf Bankının Ermənistandakı Daimi Nümayəndəliyinin direktoru Don Lambert hesab edir ki, ABŞ prezidenti Donald Trampın Ermənistana tətbiq etdiyi yeni gömrük rüsumlarının birbaşa təsiri nisbətən yumşaq və kiçik olacaq.
Don Lambert bu fikri AİB-in ofisində təşkil olunmuş mətbuat konfransı zamanı “Armenpress”in ABŞ prezidentinin 10 faizlik gömrük rüsumlarının tətbiqinin Ermənistana necə təsir edəcəyi ilə bağlı sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Amerika gömrük rüsusmlarının təsiri həm birbaşa, həm də dolayı ola bilər. Bizim təhlillərimiz göstərir ki, Amerikanın yeni tariflərinin Ermənistana birbaşa təsiri nisbətən yumşaq və kiçik olacaq. Tarixən ABŞ Ermənistanın əsas ticarət tərəfdaşı olmayıb və ticarət-iqtisadi əlaqələrin ümumi balansında ABŞ-ın payı böyük deyil. Ermənistana münasibətdə gömrük rüsumunun dərəcəsi 10% təşkil edəcək ki, bu da bir çox digər ölkələrlə müqayisədə xeyli aşağıdır”, – Asiya İnkişaf Bankının Ermənistandakı daimi nümayəndəliyinin direktoru bildirib.
Dolayı təsirə gəlincə, burada, Lambertə görə, hesablamalar daha mürəkkəbdir.
“Amerikanın yeni gömrük rüsumlarının kifayət qədər çox sayda tərəfdaşa təsir etdiyi üçün ümumi iqtisadi mühiti nəzərə alaraq mümkün təsirlər barədə konkret proqnozlar vermək çətindir. Məsələn, Ermənistan Avropa İttifaqı ilə münasibətləri gücləndirməyə çalışır, ona görə də gömrük rüsumlarının Avropa ölkələrinin iqtisadiyyatına təsirindən asılı olaraq, bu, dolayısı ilə Ermənistanın iqtisadiyyatına da təsir edəcək”, – Asiya İnkişaf Bankının Ermənistandakı Daimi Nümayəndəliyinin direktoru izah edib.
Aprelin 2-də ABŞ prezidenti Donald Tramp kəsir əvəzinə profisit yaratmaq üçün digər ölkələrdən idxal olunan mallara qarşılıqlı tariflər tətbiq edən sərəncam imzalayıb. Əsas minimum dərəcə 10% olacaq. Əksər ölkələr isə daha yüksək həddlə üzləşəcəklər. Ermənistan üçün 10 faizlik tarif müəyyən edilib. Avropa İttifaqından gələn mallara gömrük rüsumları 20%-ə çatacaq. Tramp tariflərdən 6-7 trilyon dollar gəlir vəd edib. Bir sıra ölkələrin hakimiyyət orqanları cavab tədbirləri elan edib.







