BaşlıcaEkonomikaSiyasət

2024-cü ildə Ermənistanla qarşılıqlı ticarət 1,6 dəfə artıb: Rusiyanın iqtisadi inkişaf nazirinin müavini

2024-cü ildə Ermənistan və Rusiya qarşılıqlı ticarət dövriyyəsini 1,6 dəfə artırıb. Bunu Yerevanda keçirilən 10-cu Ermənistan-Rusiya Regionlararası Forumu zamanı Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç bildirib.

O ozah edib ki, bu rəqəm 12 milyard dollara yaxındır. Onun sözlərinə görə, 5 il əvvəl bunu planlaşdırmaq belə mümkün deyildi.

“İkitərəfli əlaqələr, eləcə də inteqrasiya birlikləri (MDB, Aİİ) çərçivəsində əməkdaşlıq vasitəsilə biz qlobal dəyişikliklərdən fürsət kimi istifadə edirik və onlara çağırış kimi baxmırıq. Regional əməkdaşlığımızın potensialı hələ reallaşmaqdan uzaqdır”, – rəsmi qeyd edib.

O ümid edib ki, Rusiya nümayəndə heyəti bu forumdan əlavə ideyalar, təmaslar, hətta ola bilsin ki, razılaşmalarla ayrılacaq.

Volvaç əlavə edib ki, regional əməkdaşlıq üçün ciddi normativ baza yaradılıb, Ermənistanın 7 və Rusiyanın 16 regionu arasında 21 saziş imzalanıb.

Onun sözlərinə görə, bu gün Rusiyanın Rostov vilayəti və Ermənistanın Ararat bölgəsi hökumətləri arasında saziş, həmçinin Arxangelsk vilayəti ilə Vayots Dzor bölgəsi arasında saziş çərçivəsində fəaliyyət planı imzalanacaq.

Nazir müavini əmin edib ki, Rusiya erməni sərmayədarlarının regionlara investisiya yatırmalarına dəstək olmaq üçün bütün tədbirləri görür, onları müvafiq alətlərdən fəal istifadə etməyə çağırır. O xatırladıb ki, Rusiya ilə Ermənistan arasında 2022-2027-ci illər üçün regionlararası əməkdaşlıq proqramı mövcuddur.

Onun sözlərinə görə, iki ölkə arasında humanitar əməkdaşlıq çox yaxşı inkişaf edir. Nümunə kimi Volvaç Lori bölgəsinin Fioletovo kəndində uşaq bağçasının tikintisinə başlandığını qeyd edib. Layihədə Rusiyanın iri şirkətləri iştirak edir.

Daha çox göstər
Back to top button