
İyulun 7-də Nyu-Yorkda Ermənistan Xarici işlər nazirinin müavini Robert Abisqomonyan Beynəlxalq Cinayət Məhkəməsinin (MKK) Roma Statutunun iştirakçı dövlətlərinin konfransının Agressiya cinayətinin yenidən baxılması üzrə xüsusi sessiyasında iştirak edib və çıxış edib.
Bu barədə Ermənistan XİN məlumat verib.
XİN müavini çıxışında beynəlxalq hüququn kobud pozuntularının qarşısının alınması və məsuliyyətin təmin edilməsi istiqamətində beynəlxalq hüquqi mexanizmlərə Ermənistanın ardıcıl dəstəyini vurğulayıb.
Bu kontekstdə erkən xəbərdarlıq, erkən tədbirlər və müdafiə öhdəliyinin güclü mexanizmlərinin zəruriliyi qeyd olunub.
XİN müavini bildirib ki, xüsusi sessiya və ona qədər aparılan məsləhətləşmələr prosesi MKK-nın mandatı ilə müəyyən edilmiş gücün qanunsuz tətbiqinin qarşısının alınması istiqamətində əldə olunan nailiyyətlər və atılan addımlar barədə müzakirə üçün yaxşı imkan yaradır.
Ermənistan XİN müavini beynəlxalq hüquqa və beynəlxalq ictimaiyyətin geniş dəstəyinə əsaslanan qarşılıqlı anlaşmanın təşviqi, hüquqi çərçivənin möhkəmləndirilməsi və gələcək irəliləyişin təmin olunması məqsədilə dialoqun davam etdirilməsi öhdəliyini təsdiqləyib.
Robert Abisqomonyan əlavə edib ki, MKK-nın yurisdiksiyası və fəaliyyətinin inkişafı ilə bağlı hər hansı proses Roma Statutunun əsas prinsipləri və beynəlxalq ictimaiyyəti narahat edən ən ciddi cinayətlərin qarşısının alınması üçün ortaq öhdəlik əsasında idarə olunmalıdır.







