
Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan iyulun 22-də Monteneqroya işgüzar səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviç ilə görüşüb.
“Armenpress”in məlumatına görə, bu barədə ER Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı tərəflər Ermənistan-Monteneqro ikitərəfli münasibətləri ilə bağlı fikir mübadiləsi aparıb, əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları ilə bağlı məsələlərə toxunub, informasiya texnologiyaları sahəsində əməkdaşlığı vurğulayıblar.
Ermənistan Respublikası xarici işlər nazirinin müavini Vahan Kostanyan Monteneqronun xarici işlər nazirinə Ermənistan hökumətinin Aİ ilə əlaqələrin dərinləşdirilməsinə güclü sadiqliyini və son illərdə Ermənistan-Aİ münasibətlərinin ikitərəfli gündəliyində qeydə alınan nailiyyətləri təqdim edib.
Nazir müavini qeyd edib ki, Monteneqronun Avropaya inteqrasiya prosesində mühüm irəliləyişinin və bu istiqamətdə mövcud əhəmiyyətli təcrübənin öyrənilməsi Ermənistan üçün böyük əhəmiyyət kəsb edir.
Tərəflər Avropaya inteqrasiya ilə bağlı ümumi maraq doğuran məsələlər üzrə əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. Görüş zamanı regional hadisələrə də toxunulub.
Vahan Kostanyan həmsöhbətinə Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan nizamlama proseslərində mövcud vəziyyəti təqdim edərək, Ermənistan hökumətinin Cənubi Qafqazda sabitliyin və sülhün möhkəmləndirilməsinə sadiqliyini bir daha təsdiqləyib.







