BaşlıcaSiyasət

Kostanyan: “Vaşinqton razılaşması İranla dəmir yolu əməkdaşlığı üçün yeni imkanlar açacaq”

Kostanyan: “Vaşinqton razılaşması İranla dəmir yolu əməkdaşlığı üçün yeni imkanlar açacaq”

Hesab edirəm ki, bu tarixi hadisə təkcə İranda deyil, bütün dünyada manşetlərə çıxıb. Bizim üçün qardaş ölkələrin, xüsusən də İranın reaksiyasını və fikirlərini eşitmək vacibdir.

Bu haqda  Ermənistan Xarici işlər nazirinin müavini Vahan Kostanyan İranın IRNA xəbər agentliyinə verdiyi müsahibəsində bildirib.

Bu, onun Vaşinqtonda Yerevanla Bakı arasında imzalanmış sazişin regionun təhlükəsizliyinə və sabitliyinə təsiri barədə suala cavabı olub.

“Biz İran Xarici İşlər nazirliyinin balanslı bəyanatını, həmçinin Xarici işlər naziri və İran Prezidentinin sonrakı açıqlamalarını yüksək qiymətləndiririk.

Məncə, biz indi Ermənistan və Azərbaycan arasında münasibətlərdə yeni bir dövrə daxil oluruq. Bu mərhələdə hər iki ölkə və onların liderləri açıq şəkildə sülhə sadiqliklərini təsdiq ediblər.

 Bu, təkcə ikitərəfli münasibətlərimizə deyil, həm də regionun siyasətdən tutmuş iqtisadiyyata qədər dinamikasına müsbət təsir göstərəcək.

Əsas razılaşmalarımızdan biri regionda nəqliyyat yollarının açılmasıdır – ölkələrin suverenliyinə, yurisdiksiyasına və ərazi bütövlüyünə tam qarşılıqlı hörmət əsasında.

Praktiki olaraq bu, Ermənistan və İran arasında dəmir yolu əməkdaşlığı üçün yeni imkanlar açacaq, o cümlədən Naxçıvan–Culfa xəttini əhatə edəcək ki, bu da İrana Ermənistan və nəticə etibarilə Qara dənizə çıxış imkanı verəcək” – deyə o, bildirib.

Ermənistan XİN müavini həmçinin Ermənistanın bu sxemdə İranın yerini necə gördüyü və İrəvanın xüsusilə “3+3” formatının regiondakı roluna münasibəti barədə suala cavab verib.

“İranın roluna, xüsusən də İranın təklif etdiyi ‘3+3’ regional mexanizmi çərçivəsində baxsaq, deməliyəm ki, Ermənistan bu platformanın ilk görüşündən etibarən – əvvəl nazir müavini, sonra isə nazir səviyyəsində – iştirak edib.

Biz hesab edirik ki, bu dialoq formatı regional layihələrin, xüsusilə də nəqliyyat əlaqələrinin təmin edilməsi layihələrinin müzakirəsi üçün əlverişli platforma ola bilər.

Ermənistan və Azərbaycan arasında son hadisələr və regional nəqliyyat marşrutlarının bərpasına dair prinsipial razılıq dialoq üçün, o cümlədən ‘3+3’ formatında, yeni bir səhifə açıb.

 Nazirlər səviyyəsində verilmiş son bəyanata görə, növbəti görüş ya İrəvanda, ya da Bakıda keçirilməlidir və biz Azərbaycan tərəfi ilə ikitərəfli məsləhətləşmələr də planlaşdırırıq” – deyə Kostanyan qeyd edib.

O, həmçinin ABŞ-ın və ya hər hansı üçüncü tərəfin regiondakı mövcudluğuna dair Yerevanın mövqeyindən danışıb və ABŞ-ın regional ölkələr üçün mənfi rol oynamayacağına təminat verib.

“Bu razılaşma və ABŞ-ın rolu ilə bağlı Tehranın narahatlıqlarına gəlincə, deməliyəm ki, bu, dünən və bu gün müzakirələrimizin əsas mövzularından biri olub.

 Mən bura o mesajla gəldim ki, Ermənistan İranın narahatlıqlarını nəzərə alıb və bu həssaslıqlar “Tramp” layihəsi adlanan nəqliyyat əlaqəsi layihəsi ilə bağlı ilkin danışıqlarda diqqətə alınıb.

Layihənin bəzi detalları artıq müəyyən edilib və razılaşdırılıb, mən onları İran tərəfi ilə paylaşmışam və onları ictimai şəkildə açıqlamağa hazıram.

 Ermənistanda qeydiyyata alınacaq şirkətin səhmləri Ermənistan və ABŞ arasında bölüşdürüləcək, lakin bu, ABŞ-ın regionun təhlükəsizlik sahəsində iştirakı demək deyil.

Biz başa düşürük ki, bu, İran tərəfinin əsas narahatlıqlarından biri idi və mən hesab edirəm ki, bu məsələ aradan qaldırılıb.

Bizim üçün strateji əhəmiyyət kəsb edir ki, İran–Ermənistan sərhədi və onun keçid məntəqələri malların və sərnişinlərin hərəkətində fasilələr və maneələr olmadan fəaliyyət göstərsin və biz burada heç bir problem görmürük.

 Nəqliyyat yollarının açılması, o cümlədən üç yeni layihə, ölkələrin suverenliyi və yurisdiksiyası prinsipinə əsasən həyata keçiriləcək ki, bu da özü-özlüyündə əlavə bir təminatdır” –  deyə  Ermənistan XİN müavini bildirib.

Onun sözlərinə görə, nəqliyyat yollarının açılması məsələsi üzrə ümumi mövqe Ermənistan baş nazirinin “Sülh kəsişməsi” təşəbbüsündə əks olunub.

“Biz hesab edirik ki, bu açılış yeni geosiyasi məhdudiyyətlərə gətirib çıxarmamalıdır, əksinə geosiyasi güc mərkəzləri arasında etimadı gücləndirmək üçün vasitə rolunu oynamalıdır.

 Praktik olaraq, Ermənistanda qeydiyyata alınmış şirkətdə ABŞ-ın payı məhz ABŞ-a fayda gətirəcək, İran Qara dənizə çıxış əldə etməklə qazanacaq və biz Azərbaycandakı dəmir yolu xətti vasitəsilə Rusiya ilə əlaqə yarada biləcəyik.

 Ümid edirik ki, belə qarşılıqlı iqtisadi asılılıq əməkdaşlıq körpüsü rolunu oynayacaq, maneə yox” – deyə Kostanyan vurğulayıb.

Onun sözlərinə görə, Tehranın əsas narahatlıqlarından biri tarixi İran–Ermənistan sərhədi ilə bağlıdır.

“Biz bu sərhədi yüksək qiymətləndiririk və bu məsələdə son illərdə göstərdiyi siyasi dəstəyə görə İrana təşəkkür edirik. Bu vəziyyət bizim üçün İran qədər vacibdir və heç bir halda dəyişməyəcək. Biz İran tərəfinə zəruri təminatlar vermişik” –  deyə  Vahan Kostanyan bəyan edib.

Daha çox göstər
Back to top button