BaşlıcaEkonomika

İrandan Ermənistana qaz idxalının artırılmasının əsas maneəsi infrastrukturun az tutumlu olmasıdır

Ermənistan Respublikasının Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan bildirib ki, İrandan daha çox həcmdə qaz idxalının əsas maneəsi mövcud infrastrukturun tutumudur.

Alınan məlumata görə, nazir jurnalistlərlə söhbətində İrandan Ermənistana qaz idxalının artırılması imkanlarına toxunaraq bu barədə danışıb.

Suala cavab olaraq, İranla daha böyük həcmdə qaz idxalı barədə müzakirələrin olub-olmamasına dair nazir xatırladıb ki, Ermənistan və İran “Qaz – elektrik enerjisinə qarşılıq” proqramını həyata keçirirlər.

 “Biz bu proqramı mövcud infrastrukturun imkan verdiyi həcmdə icra edirik. Əminəm ki, enerji sistemimiz İrana daha çox elektrik ixrac etməyə imkan verdikdə, biz də daha çox qaz idxal edə biləcəyik” – deyə Xudatyan qeyd edib.

Nazir əlavə edib ki, Ermənistanda abonentlərə qaz təchizatını “Qazprom Armenia” şirkəti həyata keçirir və buna görə də proseslərin bir-biri ilə əlaqələndirilməsi məhduddur.

 “İrandan idxal olunan qazı abonentlərə birbaşa çatdırmaq imkanımız yoxdur. İrandan qaz idxalının artırılmasının əsas maneəsi mövcud infrastrukturun az tutumlu olmasıdır. Biz isə həmin infrastrukturun inkişafı istiqamətində işləyirik” – deyə nazir vurğulayıb.

Daha çox göstər
Back to top button