
İlk dəfə Yerevana səfər edən Ermənistan–Türkiyə məsələləri üzrə türk nümayəndəsi Serdar Kılıçla danışıqlardan sonra Ermənistan Xarici işlər nazirliyi səfərin nəticələrini ümumiləşdirib.
Nazirliyin bəyanatına görə, tərəflər əvvəlki görüşlərdə işlənmiş və razılaşdırılmış məsələləri təsdiqləyiblər ki, Ermənistan və Türkiyə arasında münasibətlərin tam tənzimlənməsini irəli aparsınlar.
Bununla paralel, görüşdən bir neçə saat sonra həmin ölkənin xarici işlər naziri Hakan Fidan bəyan edib ki, Ermənistan və Türkiyə arasındakı münasibətlər yalnız Ermənistan–Azərbaycan sülh sazişi imzalandıqdan sonra tam tənzimlənmə mərhələsinə daxil olacaq.
O, Ankaranın bu hadisəni 2026-cı ilin ilk yarısında gözlədiyini bildirib.
Eyni zamanda ABŞ Ermənistanın Sünikdən keçəcək “Tramp yolu” infrastrukturunun qurulması məqsədilə ilk böyük maliyyə dəstəyini təqdim edəcəyini açıqlayıb.
Yerevandakı erməni–türk danışıqlarının nəticəsində tərəflər sərhəd-keçid məntəqələrinin açılması barədə əldə olunmuş razılaşmanı daha tez həyata keçirməyə razılaşıblar.
Lakin üçüncü ölkə vətəndaşları üçün sərhədin açılması ilə bağlı dəqiq tarixlər hələlik müəyyən edilməyib. Bu haqda “Radiolur”a müsahibəsində regional məsələlər üzrə ekspert, Şərqşünas Armen Petrosyan qeyd edib.
Onun sözlərinə görə, Türkiyə tərəfi iki səbəbə görə Ermənistanla əldə olunan razılaşmaları tələsmədən icra edir:
“Birincisi, biz hələ də Ermənistan və Azərbaycan arasında, eləcə də Ermənistan və ABŞ, ABŞ və Azərbaycan arasında “Tramp yolu” ilə bağlı yeni danışıqlar mərhələsini gözləyirik.
Buraya hüquqi, iqtisadi və siyasi detallar da daxildir. Buna görə də Türkiyə tələsmir və mənim ehtimalıma görə, bu proses və konkret razılaşmalar həm Ermənistanla münasibətlərdə, həm də ABŞ-la təmaslarda təsir vasitəsi kimi istifadə olunacaq”.
Ekspertin sözlərinə görə, ikinci səbəb isə odur ki, Türkiyə Ermənistanla münasibətlərin tənzimlənməsini Ermənistan və Azərbaycan arasında sülh sazişinin son imzalanması ilə şərtləndirməyə davam edir:
“Təbii ki, sülh sazişi hələ imzalanmayıb. Bu isə Türkiyəyə əlavə fürsət verir ki, belə davranışını əsaslandırsın – yəni hələ Azərbaycan–Ermənistan münasibətləri tam həll olunmayıbsa, Türkiyə yalnız bundan sonra normallaşmaya gedəcək”.
Qeyd olunmalıdır ki, Ermənistan–Türkiyə üzrə xüsusi nümayəndələrin Yerevandakı görüşündən bir neçə saat sonra Türkiyə XİN rəhbəri Hakan Fidan bəyan edib ki, Ermənistan və Azərbaycan sülh sazişini imzaladıqdan sonra Türkiyə də Ermənistanla münasibətlərin normallaşması üçün addımlar atacaq.
“Anadolu” agentliyinin məlumatına görə, Fidan bu barədə Romadakı Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən konfransda söyləyib.
Onun sözlərinə görə, Vaşinqtonda hələlik yekun imzalar atılmayıb, amma Ankara sülh sazişinin 2026-cı ilin ilk yarısında imzalanacağını gözləyir.
Şərqşünas Armen Petrosyanın fikrincə, Türkiyənin bu kimi bəyanatları daha çox situativ xarakter daşıyır və prosesə maraq göstərən beynəlxalq, xüsusilə də Qərb oyunçularının Ermənistan–Türkiyə münasibətlərinin tənzimlənməsi ilə bağlı gözləntilərini yumşaltmaq məqsədi daşıyır:
“Şərti bir tarix göstərilir. Əlbəttə ki, 2026-cı ilin ilk yarısı olduqca mübahisəli və qeyri-müəyyəndir. Bu, sadəcə olaraq, həssas aktorlarda ümid yaratmaq üçün edilir ki, guya Türkiyə planlaşdırır və hesablamalarını aparır”.
Avqustun 8-də Vaşinqtondakı danışıqlardan sonra Azərbaycanın sülh sazişinin imzalanması üçün qoyduğu yeganə şərt, Petrosyanın sözlərinə görə, Ermənistanın Konstitusiyasının dəyişdirilməsi tələbi olaraq qalır.
Azərbaycan tərəfinin fikrincə, Ermənistanın əsas qanunu onların ərazilərinə iddia ehtiva edir. Ekspertin sözlərinə görə, Ermənistanın parlament seçkiləri ilə paralel Konstitusiya dəyişikliklərinə başlaması çətin görünür:
“Daha real görünən odur ki, Konstitusiya dəyişiklikləri 2026-cı ildən, parlament seçkilərindən sonra baş tuta bilər. Çünki artıq hakimiyyət strukturu aydın olacaq”.
Ekspert əlavə edib ki, hazırkı mərhələdə Azərbaycan üçün daha vacib məsələ regionun kommunikasiyalarının açılmasıdır.
Xüsusən də ABŞ artıq vədlərdən və bəyanatlardan real addımlara keçib. Belə ki, sentyabrın 11-də ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya bürosunun rəhbəri Brendan Henrehan Ermənistana gəlib və baş nazirin müavini Mher Qriqoryanla görüşüb.
Sonrakı açıqlamada maraqlı bir yenilik yer alıb:
“ABŞ Ermənistana 145 milyon dollar dəstək göstərməyi planlaşdırır. Bu, maliyyələşdirmənin ilk hissəsidir və “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” layihəsinin, eləcə də avqustun 8-də əldə olunan razılaşmaların həyata keçirilməsinə yönəlib.
Bu, ticarət, infrastruktur, mühüm faydalı qazıntıların təchizat zəncirləri və sərhədlərarası təhlükəsizlik sahələrində sərmayələr vasitəsilə reallaşacaq” – deyə amerikalı rəsmisi bildirib.
Amerikalı rəsmisi dəqiq açıqlamasa da, sosial şəbəkələrdə bəzi ictimai və siyasi xadimlər artıq hesablamalar aparırlar ki, vəsait Sünikdən keçəcək “Tramp yolu”nun hansı infrastrukturuna sərf olunacaq.
Meğri icra başçısının müavini Baqrat Zakaryan “Radiolur”a müsahibəsində bildirib ki, görüləcək işlər Meğri boyunca 45 km-lik dəmir yolunun bərpasına yönəldilməlidir.
Lakin hələ bu məqsədlə icmada hazırlıq işləri başlanmayıb:
“İcmanın hazırlığı dövlət idarəçiliyinin hazırlığından başlamalıdır. Müvafiq sənədlər öyrənilməlidir ki, dəmir yolu haradan keçəcək, nə qədər yüklənmə olacaq.
Yəni bütün şəhərsalma normalarına cavab verməlidir. Amma belə bir sənəd hələ icmaya təqdim olunmayıb”.
Zakaryanın sözlərinə görə, tunellər və yol mövcuddur, lakin müasir texnologiyalar vasitəsilə onların seysmik dayanıqlığını və digər texniki göstəricilərini yoxlamaq lazımdır:
“Əvvəllər istifadə olunan dəmir yolu tamamilə sökülüb. Kifayət qədər ciddi tikinti işləri tələb olunur. Xüsusən də yeni standartlarla qurulacaqsa, bu, çox genişmiqyaslı iş olacaq”.
Gözlənilir ki, infrastrukturla bağlı məsələlər ABŞ-dan olacaq növbəti səfərlər zamanı müzakirə ediləcək və müəyyən dəqiqlik qazanacaq. Artıq bu müzakirələrin başlandığı da görünür.
Belə ki, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya bürosunun rəhbəri Brendan Henrehan Ermənistanda xarici və daxili işlər nazirləri ilə görüşərək həm “Tramp yolu”na, həm də Ermənistan–ABŞ strateji tərəfdaşlığının inkişafına dair məsələləri müzakirə edib.
.







