BaşlıcaSiyasət

Paşinyan və Əliyev yenidən Misirdə görüşdülər: İlk dəfə Pakistanın Baş naziri ilə də görüş oldu

Misirdə keçirilən Sülh Sammitində Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycanın prezidenti İlham Əliyev yenidən bir araya gəldilər.

Bir neçə gün əvvəl Duşanbədə görüşən liderlər bu dəfə Şarm əş-Şeyx şəhərində görüşdülər. Hər iki rəhbər ABŞ prezidenti Donald Tramp və Misir Prezidenti Əbdül Fəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitinə qatıldılar.

Sammit Qazanın gələcəyi ilə bağlı məsələləri müzakirə etmək üçün təşkil edilsə də, konkret olaraq Fələstin və İsrail nümayəndələri işlərdə iştirak etmədilər. Ümumilikdə 20-dən çox ölkənin rəhbəri sammitdə iştirak etdi.

ABŞ Prezidenti Donald Trampin səyləri nəticəsində təsdiqlənən Qazaya dair sülh sazişi Yaxın Şərq Sülh Sammitinin əsas mövzusu idi.

Birləşmiş Ştatlar və Misir prezidentləri sammitə dəvət məktublarını Ermənistana və Azərbaycana da göndərdilər – sülh yolu keçən ölkələr kimi.

Paşinyan və Əliyev Şarm əş-Şeyxdə keçirilən sammit çərçivəsində görüş fürsətini qaçırmadılar və ayaq üstə, kofe və su içərkən söhbət etdilər. Daha sonra onların söhbətinə Pakistanın Baş naziri Şəhbaz Şərif də qoşuldu.

Ermənistan Baş naziri ilə Azərbaycan prezidentinin son belə görüşü üç gün əvvəl Duşanbədə baş tutmuşdu. Lakin bu görüşlərin rəsmi xarakteri və danışıqlar statusu yoxdur.

Trampə yenə də Sülh üzrə Nobel mükafatı verilmədiyi üçün suallar yaranır: Birləşmiş Ştatlar Prezidentinin Cənubi Qafqaz regionuna və “Tramp Yolu” layihəsinə marağı söndü mü? Ermənistan parlamentində müxalifət qrupu “Hayastan” fraksiysının  deputatı Artur Xaçatryan da bu sualı verib:

“Çətinliklə deyə bilərəm, amma əminəm ki, bu gün Birləşmiş Ştatların daha vacib prioritetləri var, xüsusən də Çin. TRIPP və ya “Tramp Yolu” haqqında danışdıqda, bu yalnız həmin 42 km-ə aiddir.

Bizi maraqlandırmalı olan o 42 km deyil, xüsusilə də Araz-Sədərək hissəsidir. Araz-Sədərək dəmir yolu bu gün yoxdur, başa düşürsünüz? Nə vaxt olacaq? Əgər olsaydı, bu sənəddə olmalı idi. Olacaqsa, danışacağıq”.

Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitində 20-dən çox ölkənin rəhbəri arasında Türkiyənin prezidenti də var. Ermənistanın prioritetlərindən biri də Türkiyə ilə diplomatik əlaqələr qurmaq və sərhədi açmaqdır.

Bu əlaqələrlə bağlı Ermənistanın iqtisadiyyat naziri Gevorg Papoyan Ermənistan iqtisadiyyatının “udulması” təhlükəsini görmür və müxalifətin bu baxımdakı narahatlıqlarını paylaşmır:

“Nə narahatlıq olduğunu bilmirəm, amma məsələn, Türkiyə şirkətləri Ermənistanda 2012-13-cü illərdən bəri fəaliyyət göstərir.

Eyni pərakəndə geyim şəbəkəsində bir neçə brendin məhsulları təqdim olunub. Üstəlik, bir halda çox açıq şəkildə, yəni vasitəçisiz.

Mən əslində bu investisiyaları alqışlayıram, çünki qonşular arasında hər hansı bir sülh maliyyə investisiyaları ilə möhkəmləndirilməlidir.

Yəni, əgər biz regionda davamlı sülh istəyiriksə, mən çox normal hesab edirəm ki, Ermənistanda, məsələn, sülhün qurulması şəraitində, sərhədlər açıldıqdan sonra, nə üçün olmasın, investisiyalar gəlsin, o cümlədən Türkiyədən də. Biz də oraya gedib investisiya edək.

Əgər sizə elə gəlir ki, əks halda biz canlı dövlətə sahib ola bilərik, onda bizim dövlətimizin əvvəlki otuz il tarixinə baxın”.

Şarm əş-Şeyxə getməzdən öncə Ermənistanın Baş naziri tarixə başqa bir nəzər yetirdi. Sülh Sammitindən əvvəl o, yenidən Qarabağ məsələsi ilə bağlı bütün danışıqlar prosesinə toxundu.

Bu mövzuda keçmiş prezidentlərlə mübahisə alınmadığı şəraitdə Nikol Paşinyan özünü maraqlandıran əsas sualları ritorik şəkildə verdi:

“Bəs niyə Ermənistanın bütün keçmiş üç rəhbəri Qarabağ məsələsinə dair özləri tərəfindən təsvir edilən möhtəşəm həll yollarını həyata keçirmədilər?

 Bunun üçün iki variant ola bilər. Birincisi, onlar cinayətkar cəhətdən hərəkətsiz qalıblar, bəlkə də Ermənistanın deyil, xarici ölkələrin maraqlarına xidmət ediblər, bizi Qarabağ məsələsinin möhtəşəm həllindən və ya həllərindən məhrum ediblər.

 İkinci variant isə, onlar tərəfindən təsvir edilən bu möhtəşəm həll yolları sadəcə siyasi aldatmaqdan ibarətdir və onların həyata keçirilməsi heç vaxt mümkün olmayıb. Başqa variant sadəcə yoxdur”.

Bu bəyanat fonunda Ermənistanın daxili siyasi sahəsində sülhün qurulması və Qarabağ məsəlinin həlli variantları ətrafında yeni qızğın mübahisələr alovlandı.

Ermənistanın ilk Prezidenti adından uzaqdan mübahisədə baş nazirə Erməni Milli Konqresinin vitse-prezidenti Levon Zurabyan cavab verdi:

“Qarabağ məsələsi yalnız və yalnız onun üçün həll olunmayıb ki, ən çox erməni rəhbərlər yeganə mümkün sülh planını rədd ediblər, hansı ki, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini nəzərdə tuturdu və Azərbaycan da buna razı idi.

Yeganə fərq ondadır ki, Robert Koçaryan və Serj Sarkisyan heç olmasa danışırdılar, siz isə 2019-cu ildə danışıqları belə rədd etdiniz”.

Şarm əş-Şeyxdə Yaxın Şərq Sülh Sammitində Qazanın gələcəyi, təsdiq edilmiş sülh və əsirlərin mübadiləsi müzakirə olunarkən, Ermənistanda müxalifət Ermənistan-Azərbaycan münasibətləri baxımından “məcburi sülh” ifadəsindən istifadə edərək ehtiyatlarını bildirməyə davam edir.

Hər halda, Yaxın Şərq Sülh Sammitində Ermənistan və Azərbaycan artıq sülhün “success story” – “uğur hekayəsi” kimi təqdim olunur və Ermənistan rəhbərliyi bunun davam etməsi və davamlılığı baxımından heç bir şübhə daşımır – bunu son bir ay ərzində beynəlxalq yüksək səviyyəli platformalarda sülh gündəminə yönəlmiş müxtəlif çıxışlar, çoxtərəfli görüşlər və yeni vurğularla əsaslandırır.

Daha çox göstər
Back to top button