
Ermənistan və Niderlandlar arasında strateji tərəfdaşlıq barədə bəyannamənin iqtisadi əməkdaşlıq və infrastruktur sahələrinə aid maddələrinin həyata keçirilməsini təmin etmək məqsədilə oktyabrın 13-14-də Ermənistan Xarici İşlər, İqtisadiyyat, Ətraf Mühit, Regional İdarəetmə və İnfrastruktur nazirliklərinin müavinlərinin birgə səfəri Niderland Krallığında baş tutub.
Bu haqda Xarici İşlər nazirliyindən bildirirlər.
Ermənistanın aidiyyəti nazirliklərinin nümayəndələrindən ibarət heyət Niderlandlarda işgüzar səfər çərçivəsində, o cümlədən Niderland Xarici İşlər nazirliyinin Xarici İqtisadi Əlaqələr Baş İdarəsi, Niderlandların Beynəlxalq İnvestisiya Təşkilatı, Kənd Təsərrüfatı, Balıqçılıq, Qida Təhlükəsizliyi və Ekologiya nazirliyi, Su Tərəfdaşlığı, CBI – İnkişaf edən ölkələrdən idxalın təşviqi mərkəzi, Beynəlxalq İnvestisiya Agentliyi və digər tərəfdaşlarla bir sıra görüşlər keçirib
Səfər zamanı tərəflər strateji tərəfdaşlığın inkişaf etdirilməsi ilə bağlı birgə işlərin müzakirəsini apararaq konkret addımlar müəyyən ediblər.
İki ölkə arasında iqtisadi əməkdaşlıq, turizm, nəqliyyat, kibertəhlükəsizlik, ticarət və investisiyalar, müasir texnoloji həllərlə kənd təsərrüfatı əməkdaşlığı, hibrid təhdidlərə qarşı mübarizə, su resurslarının idarə olunması kimi geniş spektrdə məsələlərə toxunulub.







