
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin Prezidenti Donald Tramp-a superkompüterin qurulması üçün Nvidia çiplərinin Ermənistana ixracına icazə verdiyinə görə minnətdarlığını bildirdi.
Alınan məlumata görə, jurnalistlərlə sürətli müsahibədə Baş nazir bildirib ki, bu layihə 8 avqustda Vaşinqtonda imzalanmış niyyət memorandumu çərçivəsində həyata keçirilir.
“Bu mövzuda Prezident Trump-la danışmaq fürsətim olmuşdu, investorlar prosedurla bağlı müəyyən narahatlıqlar ifadə edirdilər. Məmnunam və minnətdaram ki, Ağ Ev layiqli və çox sürətli reaksiya verdi və bu investisiya layihəsi artıq, əslində, etibarlı şəkildə həyata keçiriləcək”- deyərək Paşinyan qeyd edib.
Baş nazir vurğuladı ki, bu investisiya layihəsi texnologiya sahəsi üçün böyük əhəmiyyət kəsb edir.
Süni intellekt texnologiyaları üzrə işləyən “Firebird” startapı Nvidia çiplərinin Ermənistana ixracına ABŞ hökumətinin razılığını alıb. Bu, Ermənistanda superkompüter yaradılması layihəsini həyata keçirməyə imkan verəcək.
Bu layihə süni intellekt infrastrukturlarının genişləndirilməsi üzrə qlobal təşəbbüsün bir hissəsidir.
Nvidia-nın hələ iyun ayında elan etdiyi səylər regionda SI məlumatlarının emalı üçün ilk irimiqyaslı mərkəzin yaradılmasına imkan verəcək.
İlkin investisiyası 500 milyon ABŞ dolları olan və 100 meqavat gücündə olan bu obyekt Dell Technologies şirkətinin SI serverlərindən və Nvidia-nın Blackwell prosessorlarından istifadə edəcək. İlk mərhələnin başlanması gələn ilin ikinci rübünə planlaşdırılır. Bu barədə “Firebird”-in həmtəsisçisi Razmik Hovakimyan bildirib.
“Firebird”-in güc tutumunun təxminən 20%-i erməni şirkətləri tərəfindən istifadə ediləcək, qalan 80%-i isə regionda bizneslə məşğul olan amerikan şirkətlərinə satılacaq.
İlk mərhələnin maliyyələşdirilməsi “Firebird”-in cəlb etdiyi borc vəsaitləri və səhmdar kapitalı hesabına həyata keçiriləcək. Hovakimyan bildirib ki, şirkətə həm də Moderna-nın həmtəsisçisi Nubar Afeyan dəstək verir.
“Firebird” Nvidia-nın digər regionlarda məlumat emalı üçün güclü mərkəzlər yaratmaq istəyən çoxsaylı tərəfdaşlarından biridir. ABŞ hökumətinin təsdiqi, qabaqcıl SI çiplərinin ixracına qoyulan məhdudiyyətlərin zəiflədilməsi fonunda baş verib.







