
Yerevan və Bakı Ermənistandan Azərbaycana alüminium folqa, alüminium folqa xammalı, ferromolibden, ev heyvanları, konyak xammalı, tütün, toxuculuq məhsullarının ixracı imkanları müzakirə edirlər.
Bu haqda ER İqtisadiyyat naziri Gevork Papoyan “Factor.am” ilə müsahibəsində bildirib.
“Müəyyən məhsulları idxal etməyə marağı olan Azərbaycan şirkətləri də var. Azərbaycan tərəfi onları maraqlandıran konkret məhsulların siyahısını təqdim edib, biz isə ixrac edə biləcəyimiz miqdarı göndərmişik.
Bizim siyahımızda həmçinin qızılgül, istixana məhsulları – pomidor, bibər də var. Təxmini qiymət təklif etdik”– deyə Gevork Papoyan bildirib.
İqtisadiyyat naziri hələ ilk ixrac üçün konkret vaxt çərçivəsi göstərmir. Onun sözlərinə görə, bu, erməni və azərbaycan şirkətləri razılaşdıqdan sonra həyata keçiriləcək.
Xatırladaq ki, Azərbaycandan alınan neft məhsullarının ikinci partiyası yoldadır. Nazir daha əvvəl Facebook-da Azərbaycandan Ermənistana 7600 ton neft məhsulunun – bunun 6100 tonunun benzin, 1500 tonunun dizel yanacağı olduğunu bildirmişdi.
Bundan əvvəl də 1200 ton yüksək keyfiyyətli benzin idxal edilmişdi. “Factor.am” xəbər verib ki, idxal edən şirkətlər “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Xaçatur Sukiasyan və keçmiş HHK deputatı Samvel Aleksanyanla əlaqəlidir.







