
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər nazirliyinə çağırılıb və ona Vladimir Solovyovun açıqlamaları ilə bağlı etiraz notası təqdim edilib.
Bu barədə jurnalistə ER XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib.
“RF-nın Ermənistandakı səfiri XİN-ə çağırılıb və ona dövlət media-holdinqinin tərkibinə daxil olan proqramın efirində səsləndirilmiş bəyanatlarla bağlı dərin narazılıq ifadə edilən etiraz notası təqdim olunub.
Qeyd edilib ki, həmin bəyanatlar Ermənistan Respublikasının suverenliyinə qarşı yolverilməz müdaxilədir, düşmən xarakteri daşıyır və Ermənistan ilə Rusiya arasında dostluq münasibətlərinin fundamental prinsiplərini kobud şəkildə pozur” – deyə XİN-in mətbuat katibi bildirib.
Xatırladaq ki, rusiyalı teleşərhçi Vladimir Solovyov növbəti verilişində, bu dəfə “Solovyov LIVE” proqramında belə deyib:
“Beynəlxalq hüquqa, beynəlxalq nizama tüpürək. Əgər milli təhlükəsizliyimiz üçün Ukrayna ərazisində Xüsusi hərbi əməliyyata başlamaq zəruri idisə, onda niyə eyni məntiqlə təsir dairəmizin digər nöqtələrində də buna başlaya bilmərik?
Bizim üçün Ermənistanda baş verənlər Venesuelada baş verənlərdən qat-qat daha ağrılıdır. Ermənistanın itirilməsi — bax, bu, nəhəng bir problemdir”.







