
Gürcüstan hökuməti “Orta dəhliz” layihəsi çərçivəsində Azərbaycan və Ermənistanı Türkiyə ilə birləşdirən yolların tikintisini 2026-cı ildə tamamlamağı planlaşdırır. Bu barədə Georgia Online məlumat yayıb.
“Orta dəhliz” Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya uzanan marşrutdur.
2026-cı il büdcəsinə daxil edilmiş hökumət planlarına əsasən, Ermənistan və Azərbaycan sərhədlərinə aparan Rustavi–Qırmızı körpü və Algeti–Sadakhlo yol sahələrinin tikintisinin tam başa çatdırılması, eləcə də Türkiyə sərhədinə aparan Batumi–Sarpi yolunun inşası nəzərdə tutulur.
“Sözügedən layihələrin həyata keçirilməsi nəticəsində Gürcüstanı, Azərbaycanı, Ermənistanı və Türkiyəni birləşdirən ‘Orta Dəhliz’in hissələrinin tikintisi başa çatdırılacaq” – deyə sənəddə qeyd olunur.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstanın dəniz və dəmir yolu nəqliyyatı sahəsində aparıcı müəssisələrinin iştirakı ilə yaradılıb.
Hazırda dəhlizin marşrutu Çin–Qazaxıstan sərhədindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Avropaya uzanır.
Gürcüstan “Orta dəhliz”ə 2022-ci ildə qoşulub. Gürcüstanın tranzit marşrut kimi dəhlizə daxil edilməsi təşəbbüsü ilə Türkiyə çıxış edib.







