
Avropa Birliyi xarici qaz təchizatçılarını ixrac etdikləri yanacağın rus mənşəli olmadığını təsdiqləməyə məcbur edib. Müvafiq AB Şurasının qərarı “Avropa Birliyinin rəsmi Jurnalı”-nda dərc olunub.Bu haqda Lenta.ru xəbər verir.
Sənəd Türkiyədən və Azərbaycandan ixrac edənlərə aiddir. Onlar Bolqarıstan sərhədində yerləşən “Stranja-1/Malkoçlar” kompressor stansiyalarından birindən tədarük olunan qazın qeyri-rus mənşəli olduğuna dair sübutlar təqdim etməli olacaqlar.
Yaxınlıqda yerləşən “Stranja-2/Malkoçlar” stansiyası əvvəllər Şərqi və Mərkəzi Avropa ölkələrinə rus qazı tədarük edən “Türk axını” qaz kəmərinin dəniz hissəsinin quru davamıdır.
AB Şurası qeyd edib ki, yaxın zamana qədər bu marşrutlar üzrə rus yanacağının əhəmiyyətli həcmləri tədarük olunurdu ki, bu da ittifaqın rus enerji mənbələrindən tədricən imtina strategiyasına ziddir. Tənzimləmə qazın mənşə ölkəsinin Rusiya olmadığına dair “şübhəsiz sübutlar”ın təqdimini tələb edir.
1 mart tarixinədək üzv dövlətlər qaz təchizatçılarını dəyişdirmək üzrə milli planlar hazırlamalı və rus idxalının mərhələli dayandırılması ilə bağlı ola biləcək çağırışları aşkar etməlidirlər.
Avropa səlahiyyətliləri vurğulayıb ki, rus enerji resurslarının, o cümlədən maye təbii qazın və neftin davamlı idxalı regionun enerji təhlükəsizliyinə mənfi təsir göstərə bilər.
Daha əvvəl AB rəhbərliyi rus qazının tranzitinin qadağan edilməsini təsdiqləyib, onun tam dayandırılması 2027-ci ilin əvvəlinə nəzərdə tutulub. Sərbəst buraxılan bazar payının, proqnozlaşdırıldığı kimi, Norveç, Amerika Birləşmiş Ştatları, Yaxın Şərq, Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında bölüşdürüləcəyi gözlənilir.







